Avropa və Asiya arasında qlobal qaz savaşı başlayır

Avropa və Asiya arasında qlobal

Qlobal enerji bazarında gərginlik yenidən pik həddə çatır. "Politico" nəşrinin analitik hesabatına görə, Avropa İttifaqı məhdud mayeləşdirilmiş təbii qaz (LNG) tədarükləri uğrunda Asiya nəhəngləri ilə amansız bir qiymət müharibəsinin astanasındadır.

İran böhranından sonrakı diplomatik yumşalmalara rəğmən, qitədə qaz anbarlarının səviyyəsi son 5 ilin orta göstəricisindən aşağıdır. Yay aylarında anomal istilərlə əlaqədar kondisioner istifadəsinin kəskin artması isə Avropanın anbar doldurma kampaniyasını zərbə altında qoyur. Ekspertlər sərbəst bazar qaydaları ilə işləyən Aİ-nin, dövlət tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunan Asiya ölkələrinə qarşı bu yarışda ciddi şəkildə dezavantajlı vəziyyətdə olduğunu vurğulayırlar.

Cənubi Koreya, Tailand və Vyetnam yay istiləri fonunda daxili şəbəkəni qorumaq üçün artıq spot bazardan LNG toplamağa başlayıblar. Bu, qlobal qaz həcmlərini dərhal daraldır.

Avropanın qış hədəflərinə çatması üçün LNG idxalını keçən illə müqayisədə ən azı 13% artırması lazımdır. Limsiz rəqabət mühitində bu həcmi tapmaq olduqca çətindir.

Asiyanın pik tələbatı ilə Avropanın yay sonu anbar doldurma kampaniyası üst-üstə düşəcək. Nəticədə, Aİ anbarları boş saxlamamaq üçün Asiya alıcılarından daha yüksək qiymət təklif etməyə (premium ödəməyə) məcbur qalacaq.

Bir Aİ rəsmisinin dediyi kimi, qlobal enerji arenasında artıq koordinasiya yoxdur — “Hər kəs özü üçün çalışır”. Qiymətlərin 2022-ci ildəki kimi 300 avro/mvs səviyyəsinə yüksəlməsi gözlənilməsə də, ucuz qaz dövrünün geri qayıtmayacağı dəqiqdir. Bu durum Avropada istehsal sektorunun (xüsusilə Almaniya və Fransa ağır sənayesinin) enerji xərclərini yüksək saxlayacaq və inflyasiyanın tam cilovlanmasını çətinləşdirəcək. Mərkəzi idarəetməyə malik Asiya şirkətləri qarşısında Avropanın "yalnız tövsiyə və təşviq" edə bilən liberal strukturu qlobal böhranlarda blokun ən zəif halqası olaraq qalmaqdadır.

MONETAR.AZ