Geosiyasi gərginliklər fonunda Avropada qaz bahalaşır

Geosiyasi gərginliklər fonunda Avropada

Enerji birjalarında qeyri-müəyyənlik pik həddə çatıb. Bazar iştirakçılarının strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı ziddiyyətli məlumatları və ABŞ-İran diplomatik danışıqlarının gedişatını mənfi qiymətləndirməsi fonunda, Avropada təbii qazın qiyməti bazar ertəsi son bir həftənin maksimum səviyyəsinə yüksəlib.

Vaşinqton və Tehran arasında ötən həftə əldə olunmuş tarixi sülh sazişinin davamlılığına dair şübhələrin artması birjalarda dərhal əks olunub. Niderlandın etalon TTF qaz fyuçersləri 1,1% bahalaşaraq hər meqavat-saat üçün 42,57 avroya çatıb. Böyük Britaniyanın analoji qaz göstəricisi isə 1% artaraq 102,02 pens təşkil edib.

Hər iki ölkənin nümayəndə heyətləri İsveçrədə masaya otursa da, Donald Trampın Livandakı "Hizbullah" hərəkatının fəaliyyətinə istinad edərək yeni hərbi əməliyyatların istisna olunmadığını bəyan etməsi sülh optimizmini dərhal zəiflədib.

Tehranın Ormuz boğazının yenidən bağlandığını elan etməsi qlobal bazarlarda şok effekti yaradıb. Gəmi hərəkətini izləyən peyk sistemləri keçidin hələlik davam etdiyini göstərsə də, rəsmi bəyanat treyderlərin risk mükafatını artırıb.

Regionda hərbi gərginlik qismən azalsa da, qiymətlər müharibədən əvvəlki səviyyələrə qayıtmır. Boru qazından imtina edən Avropa artıq tamamilə qlobal və qiyməti tez-tez dəyişən mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərindən asılı vəziyyətdədir.

Avropanın qaz anbarlarının ötən ilə nisbətən təxminən 10% boş olması qitəni Yaxın Şərqdəki hər bir bəyanatdan birbaşa asılı vəziyyətə salır. ABŞ və İran arasında kövrək sülhün qorunub-qorunmayacağı təkcə regional sabitlik deyil, həm də bu yay Avropada elektrik enerjisi qiymətlərinin və inflyasiyanın hansı trayektoriya ilə hərəkət edəcəyini müəyyən edən əsas drayver olacaq. Ormuz boğazı ətrafındakı "məlumat dumanı" isə qlobal dəniz fraxtının (daşıma xərclərinin) baha qalmasını stimullaşdırır.

MONETAR.AZ