Rusiya hökuməti 2026-cı il sentyabrın 1-dən etibarən bəzi kateqoriyalara aid emal olunmamış almazların ixracına gömrük rüsumu tətbiq edəcək.
Qərara əsasən, çəkisi 0,45 karatdan 10,8 karata qədər olan emal edilməmiş almazların, eləcə də 10,8 karatdan artıq xüsusi ölçülü almazların ixracı zamanı gömrük dəyərinin 8 faizi həcmində rüsum tutulacaq.
Məlumata görə, Rusiyada almaz ixracına tətbiq olunan əvvəlki gömrük rüsumu 2016-cı il sentyabrın 1-də Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə əldə edilmiş razılaşma çərçivəsində ləğv edilmişdi. Beləliklə, on ildən sonra bu sahədə yenidən tarif tənzimlənməsinə qayıdılır.
Ekspertlər hesab edirlər ki, yeni rüsum ölkənin almaz sənayesində əlavə büdcə gəlirlərinin formalaşmasına xidmət etməklə yanaşı, qlobal almaz bazarında fəaliyyət göstərən ixracatçı şirkətlərin xərclərinə də təsir göstərə bilər.
Qeyd edək ki, Rusiya dünyanın ən iri almaz istehsalçılarından biridir. Ölkənin almaz hasilatı sektorunda aparıcı mövqeyi tutan ALROSA qlobal bazarın əsas iştirakçılarından hesab olunur.
MONETAR.AZ