2026-cı ilin may ayında Azərbaycanda qeyri-qida məhsullarının qiymətlərində müxtəlif istiqamətli dəyişikliklər müşahidə olunub. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, bəzi məhsul qruplarında qiymət artımları sürətlənərkən, müəyyən kateqoriyalarda isə ucuzlaşma qeydə alınıb.
Məlumata əsasən, may ayında qeyri-qida məhsulları arasında ən yüksək illik bahalaşma zərgərlik məmulatlarında qeydə alınıb. Bu məhsul qrupunda qiymətlər 2025-ci ilin may ayı ilə müqayisədə 24,1 faiz, ilin ilk 5 ayı üzrə isə ötən ilin eyni dövrünə nisbətən 31,6 faiz artıb.
İllik müqayisədə qiyməti ən çox artan məhsullar sırasında:
-
Oyuncaqlar – 6,8 faiz;
-
Şüşə məmulatları, yemək qabları və məişət əşyaları – 6,3 faiz;
-
Parçalar – 5,8 faiz;
-
Xalça və digər döşəmə örtükləri – 5,7 faiz;
-
Evə qulluq üçün məhsullar (yuyucu vasitələr və s.) – 5,7 faiz;
-
Yanacaq məhsulları (benzin və dizel) – 5,2 faiz yer alıb.
Mebel və ev əşyaları üzrə qiymətlər bir ildə 3,7 faiz, kiçik elektrik cihazlarında 3,5 faiz, şəxsi gigiyena vasitələrində isə 3,4 faiz artıb.
Statistik göstəricilər bəzi məhsul qruplarında qiymət azalmasının da qeydə alındığını göstərir.
Belə ki, minik avtomobillərinin qiymətləri ötən ilin may ayı ilə müqayisədə 2,8 faiz, ilin ilk 5 ayı üzrə isə 1,6 faiz azalıb.
Məlumatların işlənməsi üçün avadanlıqların (noutbuk, planşet və kompüterlər) qiymətləri illik müqayisədə 0,4 faiz, 5 aylıq dövrdə isə 0,5 faiz aşağı düşüb.
Ayaqqabı qiymətlərində də müəyyən ucuzlaşma müşahidə olunub. Bu məhsul qrupunda qiymətlər illik müqayisədə 0,3 faiz geriləyib.
İqtisadçılar qeyd edirlər ki, qeyri-qida məhsullarında müşahidə olunan qiymət dəyişiklikləri əsasən qlobal xammal bazarlarında baş verən proseslər, valyuta məzənnələri, logistika xərcləri və daxili bazardakı tələb-təklif balansı ilə əlaqədardır. Xüsusilə qızılın dünya bazarlarında bahalaşması zərgərlik məmulatlarının qiymətlərində rekord artımın əsas səbəblərindən biri hesab olunur.
MONETAR.AZ