Kevin Uorşun ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsində fəaliyyətə başlaması mərkəzi banka olan etimadın bərpası istiqamətində mühüm addım hesab olunur. Lakin Morgan Stanley analitikləri xəbərdarlıq edirlər ki, bazarlar üçün yaxınmüddətli əsas təhlükə faiz dərəcələrinin artırılması deyil, likvidlik şərtlərinin sərtləşməsidir.
Uorş ötən həftə Federal Açıq Bazar Komitəsinin (FOMC) ilk iclasına rəhbərlik edib. İclasdan sonra səhmlərin və istiqrazların ucuzlaşması, gəlirlilik əyrisinin düzləşməsi, dolların möhkəmlənməsi və qızılın dəyər itirməsi Morgan Stanley tərəfindən yeni sədrin bazarlara düzgün siqnallar verməsinin göstəricisi kimi qiymətləndirilib.
Bankın səhm bazarı üzrə strateqi Maykl Vilson bildirib ki, Uorşun namizədliyi irəli sürüləndən bəri S&P 500 indeksinin qızıla nisbəti təxminən 40% artıb. Onun fikrincə, bu, investorların yeni sədrə etimad göstərdiyini nümayiş etdirir.
Vilson qeyd edib ki, bazarlar Uorşun FED-i yeniləyə, balans hesabatından pul siyasəti aləti kimi asılılığı azalda və tənzimləyiciyə olan etimadı bərpa edə biləcəyinə inanır.
Yeni sədr açıq şəkildə bəyan edib ki, FED üçün əsas prioritet iqtisadi artım və ya əmək bazarı deyil, inflyasiyadır. O vurğulayıb ki, mərkəzi bank son beş ildə inflyasiya üzrə hədəfinə nail ola bilməyib.
Uorş həmçinin faiz dərəcələri ilə bağlı proqnozların göstərildiyi “dot plot” qrafikinin dərcindən imtina edib və əvvəlcədən verilən sərt istiqamətləndirici siqnallardan uzaqlaşacağını bildirib. Morgan Stanley bu addımı müsbət qiymətləndirərək qeyd edib ki, həddindən artıq proqnozlaşdırma bazar siqnallarını təhrif edir və investorları iqtisadi göstəricilərdən daha çox FED-in növbəti addımlarını təxmin etməyə yönəldir.
Bununla yanaşı, Uorşun inflyasiyanın mütləq 2% deyil, “2 rəqəmi ilə başlayan” səviyyədə — yəni 2–2,9% aralığında qalmasına dözümlü olacağını bildirməsi uzunmüddətli perspektivdə borc yükünün idarə olunması üçün iqtisadiyyatın müəyyən qədər “qızdırılmasına” ehtiyacın etirafı kimi qiymətləndirilib.
Səhm bazarına gəlincə, Morgan Stanley yaxınmüddətli əsas riskin faiz artımı deyil, likvidlik olduğunu vurğulayır. Analitiklərin hesablamalarına görə, FED-in ehtiyatların idarə olunması proqramının həcmi aylıq 40 milyard dollardan 10 milyard dollara endirilib, ABŞ dövlət istiqrazlarının alışları təxminən 50% azaldılıb və kreditləşmə artım tempi sürətlənib.
Analitiklər qeyd edirlər ki, tariflərdən qaynaqlanan inflyasiya təzyiqləri zəifləyir, neft qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşması isə ikinci dərəcəli inflyasiya təsirlərini az ehtimallı edir. Bu səbəbdən inflyasiya gözləniləndən aşağı qalarsa, FOMC üzvlərinin bir hissəsi bu il üçün nəzərdə tutduğu faiz artımı ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməli olacaq.
MONETAR.AZ