Azərbaycan bu məhsulların ixracında liderlər sırasındadır

Azərbaycan bu məhsulların ixracında

Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarının ixracına görə dünya bazarında aparıcı mövqelərdən birini tutur. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvanda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş regional müşavirədə bildirib.

Nazirin sözlərinə görə, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olaraq ölkə iqtisadiyyatında mühüm yer tutur. O qeyd edib ki, 2025-ci ildə aqrar sektor ümumi daxili məhsulun 5,9 faizini, qeyri-neft-qaz ÜDM-nin isə 8,3 faizini formalaşdırıb.

Məcnun Məmmədov vurğulayıb ki, ölkənin torpaq və su ehtiyatlarının böyük hissəsi kənd təsərrüfatının inkişafına xidmət edir. Onun sözlərinə görə, Azərbaycanın ümumi torpaq fondunun 55 faizi kənd təsərrüfatı təyinatlı sahələrdən ibarətdir. Eyni zamanda ölkədə istifadə olunan su ehtiyatlarının 71 faizi məhz aqrar sektorun payına düşür.

Nazir bildirib ki, 2004-cü ildən tətbiq olunan subsidiya proqramları, güzəştli kreditlər və aqrar sığorta mexanizmləri nəticəsində bir sıra məhsullar üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hazırda meyvə və giləmeyvə məhsulları üzrə özünütəminetmə səviyyəsi 140 faiz, tərəvəz üzrə 107 faiz, kartof üzrə isə 91 faiz təşkil edir.

Azərbaycan daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da böyük həcmdə məhsul ixrac edir. Ötən il ölkədən 600 min ton meyvə və 214 min ton tərəvəz ixrac olunub. Nazirin açıqladığı məlumatlara əsasən, Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının ixracına görə qlobal reytinqlərdə yüksək mövqelərdə qərarlaşıb.

Belə ki, ölkə:

  • Xurma ixracında dünyada 2-ci,
  • Fındıq ixracında 4-cü,
  • Şaftalı və nektarin ixracında 9-cu yerdə qərarlaşıb.

Bununla yanaşı, çiyələk, albalı, pomidor və pambıq lifi ixracı üzrə də Azərbaycan dünyanın ilk 20 ixracatçı ölkəsi sırasında yer alır.

Məcnun Məmmədov qeyd edib ki, 2026–2030-cu illəri əhatə edən yeni dövlət proqramı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafını sürətləndirəcək.

Nazirin sözlərinə görə, proqram çərçivəsində emal sənayesinin genişləndirilməsi, məhsuldarlığın artırılması və ixrac potensialının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq.

O vurğulayıb ki, həyata keçiriləcək tədbirlər Azərbaycanın beynəlxalq aqrar bazarlardakı mövqeyinin möhkəmlənməsinə və kənd təsərrüfatının iqtisadiyyatda rolunun daha da artmasına xidmət edəcək.

MONETAR.AZ