İxrac yoxdur, qiymət çökür: yumurta bazarında nə baş verir?

İxrac yoxdur, qiymət çökür:

Son günlər Azərbaycanın pərakəndə satış şəbəkələrində müşahidə olunan mənzərə həm alıcıları təəccübləndirir, həm də iqtisadçılar arasında ciddi müzakirələrə səbəb olur. Bir ədədi 9-17 qəpiyə satılan toyuq yumurtasının birdən-birə 3, hətta bəzi marketlərdə reallıqdan uzaq görünən 1 qəpiyə təklif edilməsi ölkə gündəmini zəbt edib.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu vəziyyəti təklifin tələbi üstələməsi və uğurlu ixrac potensialı ilə əsaslandırsa da, rəsmi gömrük statistikası tamam fərqli və daha dərin bir iqtisadi disbalansdan xəbər verir. Bəs ixracın zəif olduğu bir şəraitdə qiymətlərin bu dərəcədə çökməsi nə dərəcədə realdır və pərdəarxasında hansı proseslər dayanır?

Rəqəmlərin riyaziyyatı: günlük 2 milyonluq artıq hara gedir?

Rəsmi açıqlamaya görə Azərbaycanda günlük yumurta istehsalı 6 milyon ədəddən çoxdur. Daxili bazarın maksimum tələbatı isə 4-4,5 milyon ədəd civarındadır. Bu o deməkdir ki, ölkədə hər gün 1,5-2 milyon ədəd artıq yumurta istehsal olunur.

Sadə bir hesablama aparaq. 2026-cı ilin yanvar-aprel aylarını, yəni 4 ayı və ya təxminən 120 günü əhatə edən dövrdə ölkədə yığılan ümumi artıq məhsulun həcmi təxminən 180-240 milyon ədəd arasında dəyişməlidir. Assosiasiya rəhbərliyi bu artığın xaricə ixrac olunduğunu bildirsə də, rəsmi statistika fərqli mənzərə ortaya qoyur.

2026-cı ilin yanvar-aprel ayları üzrə rəsmi gömrük göstəricilərinə görə, inkubasiya üçün mayalanmış yumurtalar üzrə idxal 18 milyon 168 min ədəd, dəyəri isə 862,7 min ABŞ dolları təşkil edib. Digər təzə quş yumurtaları, yəni süfrə yumurtaları üzrə isə idxal 252,7 min ədəd, dəyəri 28,7 min ABŞ dolları olub. Eyni dövrdə süfrə yumurtalarının ixracı cəmi 2 milyon 145,6 min ədəd, dəyəri isə 152,3 min ABŞ dolları səviyyəsində qeydə alınıb.

Rəsmi statistikadan göründüyü kimi, dörd ay ərzində Azərbaycandan cəmi 2 milyon 145 min ədəd süfrə yumurtası ixrac edilib. Bu isə o deməkdir ki, ixrac edilən ümumi həcm ölkədə təxminən bir gün ərzində yaranan artıq məhsulun həcminə bərabərdir. Başqa sözlə, dörd ay ərzində formalaşan 180-240 milyon ədədlik profisitin çox cüzi hissəsi xarici bazarlara çıxarıla bilib, qalan hissə isə daxili bazarın üzərində yük olaraq qalıb.

Beləliklə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan süfrə yumurtasını orta hesabla 12 qəpiyə ixrac edib, əvəzində isə 19 qəpiyə idxal edib. Bu da idxal olunan yumurtanın ixrac ediləndən təxminən 60 % baha olduğunu göstərir.

1 qəpiyin arxasındakı iqtisadi məntiq

İxrac kanallarının faktiki olaraq işləmədiyi və ya kifayət qədər effektiv olmadığı belə bir şəraitdə yumurtanın qiymətinin 1-3 qəpiyə qədər enməsi təkcə real deyil, həm də iqtisadi baxımdan izaholunandır.

Bunun əsas səbəblərindən biri məhsulun tez xarab olmasıdır. Yumurta metal, tikinti materialı və ya uzun müddət saxlanıla bilən sənaye məhsulu deyil. Xüsusilə yay aylarında temperaturun yüksəlməsi fonunda quşçuluq təsərrüfatları məhsulu qısa müddətdə realizə etməyə məcbur qalırlar.

Digər mühüm amil anbar və soyuducu xərcləridir. Milyonlarla yumurtanın xüsusi şəraitdə saxlanılması ciddi enerji və logistika xərcləri yaradır. Bu səbəbdən istehsalçılar əlavə xərc çəkməkdənsə, məhsulu maya dəyərindən aşağı qiymətə sataraq ən azı dövriyyə vəsaitlərini geri qaytarmağa çalışırlar.

Qiymətlərin bu qədər aşağı düşməsində iri market şəbəkələrinin tətbiq etdiyi "loss leader" kimi tanınan marketinq strategiyasının da rolu ola bilər. Bu modeldə məhsulun özündən qazanc əldə etmək məqsəd deyil. Əsas məqsəd alıcını mağazaya cəlb etmək və onun digər məhsulları da almasına nail olmaqdır. Beləliklə, 1 qəpiklik yumurta market üçün reklam və müştəri cəlbetmə alətinə çevrilir.

Mövcud vəziyyət eyni zamanda dumpinq risklərini də gündəmə gətirir. Əgər bir yumurtanın orta maya dəyəri yem, dərman, əmək haqqı, enerji və digər xərclər nəzərə alınmaqla təxminən 7-9 qəpikdirsə, 1-3 qəpiklik satış qiyməti iqtisadi baxımdan davamlı hesab oluna bilməz. Bu, bazarın sağlam inkişafından çox, istehsalçıların zərəri minimuma endirmək cəhdi kimi qiymətləndirilə bilər.

Bugünkü ucuzluq sabahın bahalaşmasının xəbərçisidirmi?

Aparılan analiz göstərir ki, yumurtanın kəskin ucuzlaşması iqtisadi baxımdan mümkün və izaholunan prosesdir. Lakin bu vəziyyətin səbəbi yalnız daxili bazarda bolluq deyil. Mövcud rəqəmlər göstərir ki, istehsal həcmləri ilə ixrac imkanları arasında ciddi uyğunsuzluq mövcuddur və bazarda yaranan artıq məhsulun böyük hissəsi daxildə qalır.

İstehlakçı baxımından bu gün ucuz yumurta müsbət hal kimi görünə bilər. Lakin quşçuluq təsərrüfatları uzun müddət zərərlə fəaliyyət göstərə bilməz. Əgər yaxın dövrdə yeni ixrac bazarları tapılmazsa və istehsal həcmləri bazarın real tələbinə uyğunlaşdırılmazsa, kiçik və orta təsərrüfatların bir hissəsinin fəaliyyətini dayandırması ehtimalı yarana bilər.

Belə bir ssenaridə isə bazarda təklif azalacaq, nəticədə qiymətlər yenidən yüksələcək. Bu isə bugünkü ucuzluğun gələcəkdə daha yüksək qiymətlərlə əvəzlənməsi riskini gündəmə gətirir. Mövcud vəziyyət bir daha göstərir ki, kənd təsərrüfatı və ərzaq bazarlarında uzunmüddətli sabitlik yalnız istehsalın artırılması ilə deyil, həm də effektiv ixrac strategiyası, bazar tənzimlənməsi və düzgün planlaşdırma ilə mümkündür.

MONETAR.AZ