Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq olunacaq.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Sənəd məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modellərinin tətbiqi, həmçinin bu sahədə əhatəliliyin artırılması məqsədi daşıyır.
Fərmana əsasən, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyi hər il dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin ediləcək.
Sənədə görə, Nazirlər Kabineti məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiqləməli və bu barədə dövlət başçısına məlumat verməlidir. Hökumət, həmçinin fərmandan irəli gələn digər məsələlərin həllini təmin etməlidir.
Elm və Təhsil Nazirliyinə isə hər növbəti maliyyə ili üzrə bu modelin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək tapşırılıb.
Yeni mexanizmin məktəbəqədər təhsil xidmətlərinin əlçatanlığının artırılmasına, özəl sektorun bu sahədə iştirakının genişlənməsinə və dövlət dəstəyinin daha səmərəli təşkilinə şərait yaradacağı gözlənilir.