Biz satırıq, xaricilər qazanır: Aqrar ixracda əlavə dəyər problemi

Biz satırıq, xaricilər qazanır:

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, xüsusilə də kənd təsərrüfatı potensialının reallaşdırılması hər zaman gündəmdədir. Lakin rəsmi ixrac statistikası çox ciddi və narahatlıq doğuran bir reallığı ortaya qoyur: Biz hələ də xammal ixrac edən ölkə modelindən tam qurtula bilməmişik.

Qeyri-neft sənayemizin ən yaralı yeri - əlavə dəyər yaradan emal sənayesinin zəifliyidir. Rəqəmlərə birlikdə nəzər salaq.

Rəqəmlər göstərir ki, kənd təsərrüfatı məhsullarının ixracında xammal və emal olunmuş məhsullar arasında ciddi fərq mövcuddur.

Rəsmi hesabatlara əsasən, tərəvəz və meyvə (xammal) ixracı 294 160.27 ton təşkil edib və bunun müqabilində 354 853.16 min ABŞ dolları gəlir əldə olunub. Bu kateqoriya ümumi ixracın 2.54 faizini təşkil edir.

Digər tərəfdən, meyvə-tərəvəz emalı məhsullarının ixracı xeyli aşağı olub. Bu məhsullar üzrə ixrac həcmi 10 703.96 ton, əldə olunan gəlir isə 18 522.74 min ABŞ dolları səviyyəsində qeydə alınıb və ümumi ixracda payı 0.13 faiz təşkil edib.

Bu  iqtisadiyyatımız üçün böyük bir siqnaldır. Biz məhsulu sahədən toplandığı kimi, yəni ən ucuz xammal formasında satırıq. Onu mürəbbə, şirə, konserv və ya qurudulmuş formada emal edib 3-4 qat baha qiymətə satmaq potensialımızdan isə demək olar ki, istifadə edə bilmirik.

Ucuz xammal ixracına fokuslanmaq ölkə iqtisadiyyatına bir neçə istiqamətdə zərbə vurur:

  •  Xammal olaraq satılan meyvə ölkəyə minimal gəlir gətirir. Halbuki həmin məhsul daxildə emal olunsa, qablaşdırılsa və brend halına gətirilsə, ölkəyə daxil olan valyutanın həcmi həndəsi silsilə ilə artar.

  •  Təzə meyvə-tərəvəz tez xarab olan məhsuldur. Logistikada və ya xarici bazarlarda yaranan kiçik bir problem yerli fermerin məhsulunun sahədə batmasına səbəb olur. Emal sənayesi isə bu riskləri sığortalayan ən etibarlı qalxandır.

  • Hər bir emal müəssisəsi - yeni iş yerləri, regionlarda məşğulluğun artması və daxili miqrasiyanın azalması deməkdir. Biz xammalı birbaşa satmaqla, həm də potensial iş yerlərini xaricə "ixrac" etmiş oluruq.

  • Biz bu gün öz pomforumuzu, almamızı ucuz qiymətə xaricə satıb, bir neçə aydan sonra xarici brendlərin eyni xammaldan hazırladığı tomatı, ketçupu və ya şirəni baha qiymətə idxal edirik. 

Xammal ixracına üstünlük verilməsi bir sıra iqtisadi çağırışlar yaradır. Bunlara məhsulun tez xarab olması səbəbilə risklərin artması, logistika asılılığı və əlavə dəyərin ölkə daxilində formalaşmaması daxildir.

Eyni zamanda, emal sənayesinin zəifliyi regionlarda məşğulluq imkanlarının genişlənməsini də məhdudlaşdırır. Ekspertlər aqrar sektorun inkişafı üçün emal sənayesinin genişləndirilməsini əsas istiqamət kimi qeyd edirlər. Bu çərçivədə regionlarda kiçik və orta emal müəssisələrinin yaradılması, güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi və ixrac məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması vacib hesab olunur.

Bununla yanaşı, qablaşdırma və sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi Azərbaycanın aqrar məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artıra bilər.

Mövcud ixrac strukturu Azərbaycanın aqrar sektorunda böyük potensialın hələ tam reallaşmadığını göstərir. Xammal ixracından daha çox emal olunmuş və yüksək əlavə dəyərli məhsullara keçid ölkənin ixrac gəlirlərinin artmasına və kənd təsərrüfatının daha dayanıqlı inkişafına töhfə verə bilər.

MONETAR.AZ