Qazaxıstan buğda idxalına 6 aylıq məhdudiyyət tətbiq edəcək

Qazaxıstan buğda idxalına

Qazaxıstan hökuməti buğda idxalına altı ay müddətinə qadağa tətbiq etməyi planlaşdırır.

Yerli KİV-lərin məlumatına görə, məhdudiyyət avtomobil, dəmir yolu və su nəqliyyatı ilə ölkəyə gətirilən buğdanı əhatə edəcək. Qərar həm Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən, həm də digər dövlətlərdən idxal olunan məhsullara şamil ediləcək.

Bununla belə, quşçuluq təsərrüfatları, un istehsalı müəssisələri, lisenziyalı elevatorlar və dövlətə məxsus Ərzaq Müqavilə Korporasiyası üçün istisnalar nəzərdə tutulub. Bu qurumlar dəmir yolu vasitəsilə buğda idxalını davam etdirə biləcəklər.

Qaydalara əsasən, güzəştli qaydada idxal olunan buğdanın daxili və ya xarici bazarlarda yenidən satışına icazə verilməyəcək.

Məlumatda qeyd olunur ki, qadağa Qazaxıstan ərazisindən tranzit daşımalarına şamil edilməyəcək.

Rəsmi qurumlar qərarın yerli istehsalçıların dəstəklənməsi və daxili bazarda Qazaxıstan mənşəli məhsulların satış imkanlarının genişləndirilməsi məqsədi daşıdığını bildiriblər.

Statistik göstəricilərə görə, 2026-cı ilin birinci rübündə Rusiyadan Qazaxıstana buğda və meslin tədarükü 492,2 min tona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur.

MONETAR.AZ