Azərbaycanda qeyri-rezidentlər və rəqəmsal səyyahlar üçün bank xidmətlərinə çıxışın sadələşdirilməsi istiqamətində yeni addım atılır. "Banklar haqqında" qanuna təklif edilən dəyişikliklər hesab açılması prosedurlarının asanlaşdırılmasını və maliyyə texnologiyalarının inkişafı üçün daha əlverişli mühitin yaradılmasını nəzərdə tutur.
Qanun layihəsinə əsasən, rəqəmsal səyyahların və xarici vətəndaşların yerli banklarda hesab açması üçün tələb olunan sənədlərin sayı azaldılır. Belə ki, hesab açılması zamanı əsasən şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsinin təqdim edilməsi kifayət edəcək. Bu isə məsafədən çalışan xarici mütəxəssislərin və frilanserlərin Azərbaycan bank sisteminə inteqrasiyasını sürətləndirə bilər.
Dəyişikliklər eyni zamanda açıq bankçılıq mexanizmlərinin tətbiqini də genişləndirir. Yeni yanaşmaya əsasən, müştərinin elektron razılığı əsasında hesab məlumatlarının lisenziyalı üçüncü tərəf xidmət təchizatçıları ilə paylaşılması mümkün olacaq. Bu isə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər üçün yeni məhsul və xidmətlərin yaradılmasına imkan verəcək.
Ekspertlər hesab edirlər ki, təşəbbüs ölkənin FinTech ekosisteminin inkişafına müsbət təsir göstərə bilər. Xarici valyutada gəlir əldə edən distant işçilərin və frilanserlərin vəsaitlərinin yerli bank sisteminə daxil olması həm maliyyə sektorunun genişlənməsinə, həm də rəqəmsal iqtisadiyyatın inkişafına əlavə dəstək verə bilər.
Bununla yanaşı, açıq bankçılıq prinsiplərinin genişlənməsi şəxsi maliyyə idarəetməsi, ödəniş həlləri və rəqəmsal cüzdanlar kimi yeni xidmətlərin inkişafını sürətləndirə bilər.
Qanun layihəsinin qəbulundan sonra Azərbaycan Mərkəzi Bankının məsafədən müştəri identifikasiyası və uzaqdan hesab açılması prosedurları ilə bağlı əlavə normativ sənədlər hazırlaması gözlənilir.
MONETAR.AZ