Dünya maliyyə sisteminin təməllərində fundamental dəyişiklik baş verir. Dünya Qızıl Şurası (WGC) və YouGov təşkilatının birgə hazırladığı, rekord sayda – 76 ölkənin mərkəzi bankının iştirak etdiyi “Central Bank Gold Reserves Survey 2026” (Mərkəzi Bankların Qızıl Rezervləri Araşdırması) hesabatı rəsmən dərc olunub.
Hesabatın ən çarpıcı nəticəsi odur ki, qlobal baş bankirlərin böyük əksəriyyəti növbəti 5 ildə ABŞ dollarının dünya ehtiyatlarındakı payının kəskin azalacağını proqnozlaşdırır və buna qarşı "qızıl qalxanı" qurur.
Mərkəzi banklar son 4 ildə ildə orta hesabla 1000 ton qızıl alıblar ki, bu da əvvəlki onilliyin göstəricisindən (illik 500 ton) iki dəfə çoxdur. 2026-cı ilin sorğusu bu tempin daha da sürətlənəcəyini göstərir. Respondentlərin rekord həddi – 45%-i yaxın 12 ayda öz qızıl ehtiyatlarını artırmağı planlaşdırır (bu, sorğu tarixinin ən yüksək göstəricisidir). Mərkəzi bankların 89%-i qlobal miqyasda qızıl rezervlərinin artacağını düşünür. Dövlət tənzimləyicilərinin 84%-i (ötən il 76% idi) 5 ildən sonra qızılın ümumi ehtiyatlardakı payının indikindən daha yüksək olacağına inanır.
Qızıl alışının artırılmasında əsas səbəb risklərin diversifikasiyasıdır (31 bank). İkinci yerdə inflyasiya və dolların dalğalanmasından qorunmaq (hedcinq) istəyi gəlir. Bundan əlavə, ABŞ-ın nəhəng büdcə defisiti və iqtisadi riskləri də əsas amillər sırasındadır.
2026-cı il hesabatının ən maraqlı və fərqli məqamı qızıl külçələrinin coğrafi yerləşməsi ilə bağlıdır. Yaxın Şərqdəki geosiyasi gərginliklər və qərb ölkələrinin sanksiya mexanizmləri mərkəzi bankları qızılları "evə qaytarmağa" (repatriasiya) və ya mühafizə yerlərini diversifikasiya etməyə məcbur edib.
-
İngiltərə Bankı (BoE): Hələ də 57% ilə ən populyar xarici anbardır, lakin ötən il bu rəqəm 64% idi.
-
Daxili Depozitari (Öz ölkəsində saxlama): 49% ilə ikinci yerdədir. Son bir ildə mərkəzi bankların 9%-i qızıllarını öz ölkələrinə köçürüb (məsələn, Fransa 129 ton qızılını tamamilə Nyu-York Fed-dən çıxararaq Parisə daşıyıb).
-
İsveçrənin İtkisi: İsveçrə Milli Bankının (SNB) etibarlılıq reytinqi qəfildən 12%-dən 6%-ə düşüb.
Eyni zamanda, sorğuda iştirak edən bankların 20%-i qızılı harada saxladıqları barədə suala cavab verməkdən imtina edib (ötən il bu göstərici cəmi 8% idi). Bu anonimlik meyli mərkəzi bankların maliyyə aktivlərinin məxfiliyinə və təhlükəsizliyinə hədsiz həssas yanaşdığını göstərir.
MONETAR.AZ