Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda çıxış edən Taleh Kazımov İslam maliyyəsinin inklüziv iqtisadi inkişaf üçün mühüm alət olduğunu bildirib.
AMB sədrinin sözlərinə görə, qlobal iqtisadiyyat hazırda dərin struktur dəyişiklikləri və artan qeyri-müəyyənliklər dövrünü yaşayır. Bu şəraitdə risklərin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan yanaşması ilə İslam maliyyəsi adaptiv və inklüziv maliyyə sistemlərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.
Taleh Kazımov qeyd edib ki, Azərbaycanda İslam maliyyəsinin uğurlu inkişafı üçün iki əsas istiqamətdə irəliləyiş vacibdir. Bunlar hüquqi bazanın təkmilləşdirilməsi və tənzimləmə mühitində şəffaflığın təmin olunması, eləcə də peşəkar insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsidir.
O bildirib ki, İslam maliyyəsi alətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər hazırlanır. Məqsəd ənənəvi və İslam maliyyəsi arasında bərabər və neytral tənzimləmə mühitinin yaradılmasıdır.
AMB sədri vurğulayıb ki, bazar iştirakçılarının hazırlıq səviyyəsi nəzərə alınaraq ilkin mərhələdə “İslam pəncərəsi” modelinin tətbiqinə üstünlük verilib. Sonrakı mərhələdə isə bazar tələbatı qiymətləndirilərək tammiqyaslı tətbiqlə bağlı qərar veriləcək.
Taleh Kazımov əlavə edib ki, tənzimləyici qurum bu istiqamətdə “sandbox” mexanizmindən də fəal istifadə edir. Hazırda iki bank öz məhsullarını bu platformada uğurla sınaqdan keçirir və proses Azərbaycan Mərkəzi Bankının nəzarəti altında həyata keçirilir.
MONETAR.AZ