Polşa Dövlət Statistika İdarəsinin (GUS) açıqladığı yekun rəsmi məlumatlara görə, ölkədə illik inflyasiya tempində tədrici zəifləmə müşahidə olunur. 2026-cı ilin may ayında Polşada illik inflyasiya 3,1% səviyyəsinə enərək, aprel ayındakı 3,2%-lik göstəricidən qismən aşağı düşüb. Bu nəticə bazarda formalaşan 3,7%-lik daha yüksək inflyasiya gözləntilərini alt-üst edərək investorlar üçün müsbət sürpriz olub.
Aylıq dinamikada isə mühüm istiqamət dəyişikliyi qeydə alınıb. Apreldəki 0,6%-lik artımdan sonra, may ayında istehlak qiymətləri indeksi 0,3% azalıb. Bu, Polşa bazarında son bir ilin ən kəskin aylıq ucuzlaşma tendensiyasıdır.
GUS-un hesabatına görə, may ayında bitki yağları (-16,7%), ət məhsulları (-4,5%) və tərəvəzlər (-2,2%) illik ifadədə nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Bunun əksinə olaraq, meyvə qrupu 5%-lik illik artımla diqqət çəkib. İstirahət və mədəniyyət xərclərində isə aylıq ifadədə 2,1%-lik azalma qeydə alınıb.
Polşa Milli Bankı (NBP) üçün bu rəqəmlər hələlik rahatlıq gətirsə də, baza inflyasiyası (ərzaq və enerji xaric) apreldəki 3,0%-dən mayda 3,1%-ə yüksəlib. Digər tərəfdən, Polşa hökumətinin daxili bazarda tətbiq etdiyi "Aşağı Yanacaq Qiymətləri" (CPN) proqramından mərhələli şəkildə imtina etməsi (aksizlərin iyundan artırılması və iyuldan 23%-lik ƏDV-nin qaytarılması) qardakı aylarda inflyasiyanı yenidən hərəkətə gətirə bilər. Lakin beynəlxalq bazarlarda "Brent" markalı neftin 80-83 dollar ətrafında stabilləşməsi bu fiskal şoku qismən kompensasiya edəcək. Yaxın rüblərdə Polşada uçot dərəcəsinin sabit saxlanılacağı gözlənilir.
MONETAR.AZ