"Azərişıq" leysan və sel fəsadlarının aradan qaldırılması üçün 13,4 milyon manatlıq tender elan edib
"Azərişıq" ASC Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında baş vermiş güclü leysan yağışları və sel sularının yaratdığı fəsadların aradan qaldırılması məqsədilə iri həcmli satınalma müsabiqəsi elan edib.
Məlumata görə, müsabiqə infrastrukturun qurulması, bərpası və asfaltlanması işlərini əhatə edir. Layihənin ehtimal olunan dəyəri 13 milyon 377 min 241 manat təşkil edir.
Tender sənədlərinə əsasən, satınalma Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədilə həyata keçiriləcək.
Müsabiqə üzrə təsnifat kodu 72141100 – infrastrukturun qurulması, üzlənməsi və asfaltlanması işləri kimi müəyyən edilib.
Tender 17 iyun 2026-cı il tarixində elan olunub. İştirakçılar öz təkliflərini 31 iyul 2026-cı il saat 12:00-dək təqdim edə bilərlər. Zərflərin açılışı da həmin tarix və saatda baş tutacaq.
Qeyd edək ki, satınalan təşkilatın sifarişçisi Azərişıq ASCdir. Şirkət son aylarda ölkənin müxtəlif bölgələrində müşahidə olunan əlverişsiz hava şəraitinin enerji və infrastruktur obyektlərinə vurduğu ziyanın aradan qaldırılması istiqamətində bir sıra layihələr həyata keçirir.
MONETAR.AZ