Qərbi Avropanı bürüyən rekord anomal istilər qlobal enerji birjalarında ciddi qiymət sıçrayışına səbəb olub. Bloomberg agentliyinin yaydığı məlumata görə, havaların kəskin qızması fonunda soyutma sistemlərinə olan tələbatın pik həddə çatması Fransada elektrik enerjisinin qiymətini sürətlə yuxarı doğru itələyir.
Bu gün keçirilən ticarət sessiyasında Fransada növbəti ay üçün əsas elektrik enerjisi tədarükünü nəzərdə tutan forvard müqavilələrinin qiyməti 8,1% artaraq 1 meqavat-saat üçün 68,95 avroya yüksəlib. Bu, ötən qış mövsümündən bəri qeydə alınan ən yüksək günlük səviyyə və 2023-cü ildən bəri ilin bu dövrü üçün qeydə alınmış mütləq maksimumdur. Qiymət artımının pərdəarxasında təkcə tələbatın çoxalması deyil, həm də atom elektrik stansiyalarını (AES) soyudan çaylarda suyun temperaturunun kritik həddə çatması dayanır.
Fransanın rəsmi meteorologiya xidməti Météo-France-ın proqnozlarına görə, regiona daxil olan yüksək təzyiq sahəsi həftəsonu Parisdə və mərkəzi rayonlarda dərəcəni 40°C-ə qədər qaldıracaq. Paytaxtı həmçinin ardıcıl 5 gün ərzində temperaturun 20°C-dən aşağı düşmədiyi "tropik gecələr" gözləyir.
Bu iznormal istilər ölkənin enerji nəhəngi Electricité de France SA (EDF) şirkətini Rona çayının suyu ilə soyudulan atom stansiyalarında, xüsusən də "Sen-Alban" AES-də şənbə günündən etibarən istehsal gücünü azaltmağa məcbur edir. Çay sularının temperaturu normanı keçdikdə, ekoloji fəsadların qarşısını almaq üçün reaktorların gücünün azaldılması və ya tamamilə dayandırılması standart prosedur hesab olunur.
Neft qiymətlərinin ("Brent") ABŞ-İran diplomatik yumşalması fonunda 80 dolların altına düşdüyü bir vaxtda, Avropanın daxili elektrik enerjisi bazarında tamamilə fərqli, iqlim əsaslı bir ralli yaşanır. Bu vəziyyət qitənin yaşıl enerjiyə keçid dövründə ənənəvi və nüvə güclərindən hələ də nə qədər həssas şəkildə asılı olduğunu və anomal hava şəraitinin regional tarifləri necə manipulyasiya edə bildiyini növbəti dəfə sübut edir.
MONETAR.AZ