Azərbaycanın qeyri-neft ixracı 2026-cı ilin ilk beş ayında əhəmiyyətli artım nümayiş etdirib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, qeyri-monetar qızıl nəzərə alınmadan qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 1,5 milyard ABŞ dollarına çatıb.
Təkcə may ayında qeyri-neft ixracının həcmi 396,7 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 27,2 faiz çoxdur. May ayının nəticələri göstərir ki, qeyri-yeyinti məhsulları ixracında artım tempi daha yüksək olub. Belə ki, bu kateqoriya üzrə ixrac 30,7 faiz artaraq 288,5 milyon ABŞ dollarına yüksəlib. Yeyinti məhsulları üzrə ixrac isə 23,8 faiz artımla 144,6 milyon ABŞ dolları təşkil edib.
Məhsul qrupları üzrə statistikaya nəzər saldıqda bir sıra istiqamətlərdə diqqətçəkən artımlar müşahidə olunur. Ən yüksək dinamika şəkər ixracında qeydə alınıb. Bu məhsul üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artıb. Pambıq ipliyi ixracı 2,4 dəfə yüksəlib. Bitki və heyvan mənşəli piylər və yağların ixracında 57 faiz, alüminium və ondan hazırlanan məhsullarda isə 44,6 faiz artım qeydə alınıb.
Bununla yanaşı, pambıq lifi ixracı 25 faiz, meyvə-tərəvəz ixracı 18,6 faiz, çay ixracı 16,8 faiz, spirtli və spirtsiz içkilərin ixracı isə 6 faiz artıb. Hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları qeyri-neft ixracında mühüm paya malik olub.
Belə ki, aqrar məhsulların ixracı 25,2 faiz artaraq 414,5 milyon ABŞ dollarına çatıb. Aqrar-sənaye məhsullarının ixracı isə 39 faiz yüksələrək 160,5 milyon ABŞ dolları olub. Nəticədə hər iki istiqamət üzrə ümumi ixrac həcmi 575,1 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz çoxdur.
Statistik göstəricilər göstərir ki, bəzi məhsullar üzrə artım yalnız xammal istehsalı ilə məhdudlaşmır. Məsələn, pambıq lifinin ixracı 25 faiz artdığı halda, pambıq ipliyinin ixracında 2,4 dəfə yüksəliş qeydə alınıb. Bu isə xammalın ölkə daxilində emal olunaraq daha yüksək əlavə dəyərlə xarici bazarlara çıxarıldığını göstərir.
MONETAR.AZ