BBVA Türkiyə iqtisadiyyatı üzrə artım proqnozunu aşağı salıb

BBVA Türkiyə iqtisadiyyatı üzrə

BBVA bankı Türkiyə iqtisadiyyatının perspektivlərinə dair hesabat yayıb. Hesabatda ölkə üzrə 2026-cı il üçün iqtisadi artım proqnozu 4 faizdən 3 faizə endirilib.

Sənəddə qeyd olunur ki, Türkiyə iqtisadiyyatı ilin birinci rübündə illik müqayisədə 2,5 faiz artıb. May ayından etibarən iqtisadi fəallıqda müəyyən zəifləmə müşahidə olunsa da, vəziyyətin hələlik narahatlıq doğuracaq səviyyədə olmadığı vurğulanıb.

BBVA analitiklərinin fikrincə, Türkiyə hakimiyyəti inflyasiyanın azaldılmasına yönəlmiş siyasəti davam etdirəcək. Bununla yanaşı, iqtisadi artımın dəstəklənməsi məqsədilə seçici yumşalma tədbirlərinin tətbiqi mümkün hesab olunur.

Hesabatda bildirilib ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz endirimləri üçün məhdud imkanları qalır. Bununla belə, qurumun makroprudensial tədbirlərə daha çox üstünlük verməsi fonunda əlavə faiz endirimləri də istisna edilmir.

BBVA 2026-cı ilin sonu üzrə inflyasiya proqnozunu 30 faiz səviyyəsində müəyyən edib. Analitiklər hesab edirlər ki, yüksək enerji qiymətləri və iqtisadi artımın dəstəklənməsinə yönəlmiş addımlar inflyasiya təzyiqlərinin davam etməsinə səbəb ola bilər.

Hesabatda ilin sonunadək əsas faiz dərəcəsinin 37 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır. Eyni zamanda, ABŞ dollarının məzənnəsi üzrə ilsonu proqnozu dəyişdirilməyərək 1 dollar üçün 52 türk lirəsi səviyyəsində saxlanılıb.

BBVA yaxın dövrdə milli valyutanın sabitliyini qorumaq məqsədilə yüksək real faiz dərəcələrinin və sərt makroprudensial tədbirlərin davam edəcəyini bildirib.

MONETAR.AZ