Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-may ayları üzrə xarici ticarət statistikasına əsasən, 2026-ci ilin yanvar-may aylarında Azərbaycanın ümumi idxalı 6 milyard 818 milyon 329,36 min ABŞ dolları olub. Bunun 1 milyard 130 milyon 813,64 min dolları ərzaq və yeyinti məhsullarının payına düşüb.
Beləliklə, yeyinti məhsullarının ümumi idxaldakı xüsusi çəkisi 16,58 faiz təşkil edib.
İdxal strukturunda ən böyük həcm buğdanın payına düşüb. Hesabat dövründə ölkəyə 528 min 59,92 ton buğda gətirilib və bunun dəyəri 118 milyon 986,82 min dollar olub. Buğdanın 1 tonunun orta idxal qiyməti təxminən 225 ABŞ dolları təşkil edib.
Meyvə və tərəvəz məhsulları üzrə idxalın həcmi 190 min 771,99 ton, dəyəri isə 160 milyon 449,95 min dollar olub. Bu məhsulların 1 tonunun orta idxal qiyməti 841 dollar səviyyəsində formalaşıb.
Bitki və heyvan mənşəli piy və yağ məhsullarının idxalı 62 min 363,72 ton təşkil edib. Bu məhsullar üçün 101 milyon 217,98 min dollar vəsait ödənilib. Orta idxal qiyməti 1 ton üçün təxminən 1 623 dollar olub.
Düyü idxalı 23 min 28,73 ton, dəyəri isə 20 milyon 341,17 min dollar təşkil edib. Düyünün 1 tonunun orta qiyməti 883 dollar olub.
Qarğıdalı idxalı 30 min 228,32 ton təşkil edib və 14 milyon 97,07 min dollar dəyərində rəsmiləşdirilib. Məhsulun 1 tonunun orta idxal qiyməti 466 dollar olub.
Ağartı məhsulları üzrə ən yüksək dəyər kərə yağı və digər süddən hazırlanmış yağlarda qeydə alınıb. Bu məhsullar üzrə 11 min 232,17 ton idxala qarşılıq 71 milyon 27,20 min dollar ödənilib. Beləliklə, kərə yağının 1 tonunun orta idxal qiyməti 6 min 323 dollar təşkil edib.
Süd və qaymaq məhsullarının idxalı isə 9 min 608,44 ton olub, dəyəri 17 milyon 923,37 min dollar təşkil edib. Bu məhsullar üzrə orta qiymət 1 ton üçün 1 865 dollar olub.
Çay idxalında da yüksək dəyər göstəricisi qeydə alınıb. Belə ki, 5 min 8,61 ton çay üçün 30 milyon 853,02 min dollar vəsait xərclənib. Çayın 1 tonunun orta idxal qiyməti təxminən 6 min 160 dollar olub.
Ümumilikdə statistik göstəricilər göstərir ki, Azərbaycanın ərzaq idxalında kəmiyyət baxımından əsas yük taxıl məhsullarının üzərinə düşür. Dəyər baxımından isə daha yüksək göstəricilər yağ, çay və süd məhsulları üzrə formalaşır. Bu da daxili bazarda həm əsas istehlak məhsullarına, həm də emal sənayesinin xammal təminatına olan tələbatı əks etdirir.