İnflyasiya gözləntiləri FED-i narahat edir

İnflyasiya gözləntiləri

ABŞ-da inflyasiya gözləntilərinin artması iqtisadçılar və mərkəzi bank rəsmiləri üçün əsas narahatlıq mənbələrindən birinə çevrilib. Ekspertlərin fikrincə, son aylarda yalnız cari inflyasiyanın deyil, uzunmüddətli inflyasiya gözləntilərinin də yüksəlməsi qiymət sabitliyi baxımından əlavə risklər yaradır.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Klivlend Federal Ehtiyat Bankı tərəfindən hazırlanan hesablamalara əsasən, iyun ayında 5 illik inflyasiya gözləntisi 2,54 faiz, 10 illik inflyasiya gözləntisi isə 2,49 faiz təşkil edib. Hər iki göstərici FED-in müəyyən etdiyi 2 faizlik hədəfdən nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, son dövrdə inflyasiyanın yenidən sürətlənməsində əsas amillərdən biri İran ətrafında yaranmış hərbi qarşıdurma fonunda enerji qiymətlərinin artması olub. Bununla belə, iqtisadçılar üçün daha ciddi təhlükə uzunmüddətli inflyasiya gözləntilərinin yüksəlməsi hesab edilir.

İqtisadi nəzəriyyəyə görə, əgər inflyasiya gözləntiləri uzun müddət yüksək səviyyədə qalarsa, onlar mərkəzi bankın hədəflərindən uzaqlaşaraq “sabitliyini itirə” bilər. Bu halda şirkətlər məhsul qiymətlərini, işçilər isə əməkhaqqı tələblərini daha yüksək gələcək inflyasiyanı nəzərə alaraq formalaşdırırlar.

Nəticədə qiymət və əməkhaqqı artımları bir-birini stimullaşdırır və inflyasiyanın daha da yüksəlməsinə səbəb olur. Belə vəziyyət mərkəzi bankların inflyasiya ilə mübarizəsini çətinləşdirərək pul-kredit siyasətinin daha sərt olmasını tələb edə bilər.

Analitiklərin fikrincə, uzunmüddətli inflyasiya gözləntilərinin FED-in 2 faizlik hədəfinə yaxınlaşdırılması qarşıdakı dövrdə ABŞ iqtisadi siyasətinin əsas prioritetlərindən biri olacaq.

MONETAR.AZ