Maliyyə dünyası yeni növ texnoloji təhdidlərlə qarşı-qarşıyadır. Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Venesiyada keçirilən beynəlxalq tədbirdəki çıxışı zamanı bəyan edib ki, süni intellekt (AI) sistemləri qlobal maliyyə sabitliyi üçün ciddi risklər formalaşdırır.
Laqard vurğulayıb ki, hətta ən sərt normativ və hüquqi tənzimləmə mexanizmləri mövcud olsa belə, bu texnoloji inqilabın inkişafını dayandırmaq qeyri-mümkündür. Bu səbəbdən mərkəzi banklar və vətəndaşlar onun yaradacağı yeni iqtisadi reallıqlara və təhlükələrə indidən hazırlaşmalıdırlar.
AMB rəhbərinin fikrincə, əsas narahatlıq süni intellekt proqramlarının özü deyil, onların maliyyə bazarlarında yarada biləcəyi kəskin zəncirvari sarsıntılardır: "Müasir tarixdə texnologiyalardan daha çox iş yerini məhv edən və insanların daha çox əmanətini itirməsinə səbəb olan vahid bir qüvvə olub – bu, maliyyə böhranlarıdır. Süni intellekt sistemləri gücləndikcə, onlar iqtisadiyyatın və maliyyənin daxili arxitekturasına daha dərindən nüfuz edir, risklərin yeni təmərküzləşmə mərkəzlərini yaradırlar."
Kristin Laqard süni intellektin tənzimlənməsi üçün maraqlı bir tarixi müqayisə aparıb. O, AI sahəsində qlobal idarəetmə sisteminin yaradılmasını Soyuq müharibə dövründə nüvə silahlarının yayılmasının qarşısını almaq üçün imzalanmış beynəlxalq non-proliferasiya (yayılmama) razılaşmaları ilə müqayisə edib.
AMB prezidenti bu texnoloji dalğanın böhrana çevrilməməsi üçün Avropada kapital bazarları ittifaqının sürətlə formalaşdırılmasını, bank sisteminin daxili kapital dayanıqlığının artırılmasını və maliyyə nəzarətinin rəqəmsal transformasiyasını təxirəsalınmaz vəzifə adlandırıb.
MONETAR.AZ