Fermerlərə yeni subsidiya: lazerlə hamarlanan torpaqlara dəstək

Fermerlərə yeni subsidiya:

Azərbaycanda kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə yeni subsidiya mexanizminin tətbiqi planlaşdırılır. Yeni mexanizm torpaqların lazer üsulu ilə hamarlanmasını (lazer planirovka) həyata keçirən fermerləri və bu texnologiya ilə istehsal olunan buğdanı qəbul edən dəyirmanları əhatə edəcək.

Bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Qubada keçirilən regional müşavirədə açıqlayıb. Tədbir “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.

Nazir müavininin sözlərinə görə, yeni dəstək mexanizmi birbaşa istehsal nəticələrinə bağlanacaq. Belə ki, torpaqlarını lazer üsulu ilə hamarlayan və yetişdirdiyi buğdanı dəyirmanlara təhvil verən fermerlərə hər tona görə əlavə subsidiya ödənilməsi nəzərdə tutulur.

Bununla yanaşı, həmin texnologiya ilə istehsal olunan buğdanı qəbul edən dəyirmanlar da yeni subsidiya proqramından yararlana biləcəklər. Dövlət bununla həm fermerlərin müasir aqrotexniki üsullardan istifadəsini artırmağı, həm də emal müəssisələrinin yerli və keyfiyyətli xammala marağını gücləndirməyi hədəfləyir.

Lazer hamarlama torpaq səthinin yüksək dəqiqliklə hamarlanmasına imkan verir. Bu üsul suvarma zamanı suyun sahə üzrə bərabər yayılmasını təmin edir və su itkilərinin azalmasına kömək edir.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, lazer hamarlama nəticəsində suvarma səmərəliliyi artır, bəzi hallarda su itkisi əhəmiyyətli dərəcədə azalır. Eyni zamanda, bitkilərin daha bərabər inkişaf etməsi hesabına məhsuldarlığın yüksəlməsi mümkündür.

Yeni yanaşma aqrar sahədə resurslara qənaət edən texnologiyaların tətbiqini sürətləndirməklə yanaşı, ölkənin ərzaqlıq buğda istehsalının artırılması məqsədinə də xidmət edir.

Bildirilib ki, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramında əsas istiqamətlərdən biri intensiv kənd təsərrüfatına keçid və subsidiyaların texnoloji inkişafı təşviq edən mexanizmlərlə əvəzlənməsidir.

Lazer hamarlamaya görə veriləcək əlavə subsidiyanın məbləği və tətbiq qaydalarının yaxın zamanda Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurası tərəfindən təsdiqlənərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya olunacağı gözlənilir.

MONETAR.AZ