Son günlər respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, xüsusilə regional xarakterli güclü yağıntılar, şimşək və ildırım çaxmaları ilə müşayiət olunur. Ötən həftə Qarabağ və ölkənin qərb rayonlarında qeydə alınan ildırım vurma halları bəzi ərazilərdə ciddi yanğınlara səbəb olub. Nəticədə fermerlərin aylarla çəkdiyi zəhmət – min bir əziyyətlə ərsəyə gətirilən əkin sahələri və təsərrüfatlar ciddi zərər görüb.
Bəs bu cür gözlənilməz təbiət hadisələri qarşısında fermer tamamilə çarəsizdirmi? Təbii fəlakətlərin vurduğu maliyyə zərərini kim qarşılamalıdır?
Bu suallarla bağlı Aqrar Sığorta Fondu (ASF) təsərrüfat sahiblərinə çağırış edərək, çıxış yolunun dövlət dəstəkli sığorta mexanizmində olduğunu xatırladıb.
Ölkəmizdə fəaliyyət göstərən aqrar sığorta mexanizmi fermerlərin çiyinlərindəki ağır maliyyə yükünü azaltmaq üçün unikal bir sistem təklif edir. Belə ki, təsərrüfatını sığortalamaq istəyən hər bir şəxsin sığorta haqqının düz yarısını (50%-ni) dövlət öz üzərinə götürür. Bu güzəşt sayəsində fermer fəlakət riskindən qorunmaq üçün simvolik bir məbləğ ödəməklə məhsulunu sığorta qalxanı altına alır.
Dövlət dəstəkli aqrar sığorta tək yanğınla məhdudlaşmır. Sığorta zərfi çərçivəsində əkin sahələri aşağıdakı risklərdən qorunur:
-
İldırım və onun nəticəsində baş verən yanğınlar
-
Dolu, fırtına və qasırğa
-
Leysan yağışları, sel və subasma
Fond sığorta şərtlərinin nə dərəcədə sərfəli olduğunu konkret rəqəmlərlə nümayiş etdirib. Hazırda taxıl biçini ərəfəsində olan fermerlər üçün bu hesablama olduqca daxili rahatlıq yaradır:Ölkənin əksər ərazilərində, gözlənilən ümumi məhsul dəyəri 1000 manat olan 1 hektarlıq taxıl sahəsinin illik sığortalanması fermerə cəmi 6.5 – 11 manat arasında başa gəlir.
Yəni, bir neçə manat ödəməklə, ildırım vurması və ya fırtına nəticəsində sahə tamamilə məhv olsa belə, fermer 1000 manatlıq zərərini tam şəkildə sığorta şirkətindən geri ala bilir.
Aİqlim dəyişikliyinin yaratdığı fəsadlar və hava şəraitinin öncədən təxmin edilməz olması aqrar sığortanı artıq seçim deyil, bir zərurətə çevirib. Xüsusilə Qarabağ və qərb bölgəsində yaşanan son hadisələr göstərir ki, təbiət hadisələri bir neçə dəqiqə ərzində bütün illik gəliri külə çevirə bilər.Aqrar Sığorta Fondu bütün fermerləri və təsərrüfat sahiblərini vaxt itirmədən bu fürsətdən yararlanmağa çağırır. Fermerlər öz bölgələrinə və məhsul növünə uyğun sığorta haqlarının dəqiq məbləği, eləcə də digər şərtlərlə rəsmi asf.gov.az internet səhifəsinə daxil olaraq saniyələr içində tanış ola bilərlər.
MONETAR.AZ