Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi ilə bağlı açıqlanan son statistika dövlət idarəçiliyində nəsil balansı məsələsini yenidən gündəmə gətirib. Rəqəmlər göstərir ki, dövlət qulluğunda həm gənclərin təmsilçiliyi aşağıdır, həm də yaxın illərdə kütləvi təqaüdə çıxmalarla bağlı kadr riski yarana bilər.
Rəsmi məlumatlara görə, Dövlət qulluqçularının 3,0 faizini 25 yaşadək, 11,6 faizini 25-29 yaşda, 18,0 faizini 30-34 yaşda, 16,7 faizini 35-39 yaşda, 13,3 faizini 40-44 yaşda, 10,5 faizini 45-49 yaşda, 8,1 faizini 50-54 yaşda, 7,5 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 2,1 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
Bu vəziyyət onu göstərir ki, dövlət qulluğuna yeni daxil olan gənclərin sayı kifayət qədər deyil. Əgər sistemə giriş aşağı səviyyədə qalarsa, gələcəkdə rəhbər vəzifələr üçün kadr ehtiyatının formalaşdırılması çətinləşə bilər.
Ekspertlər hesab edirlər ki, aşağı əməkhaqqı, uzunmüddətli karyera gözləntiləri və özəl sektordakı daha cəlbedici imkanlar gənclərin seçimlərinə təsir edən əsas amillərdəndir.
Statistikaya əsasən, 55 yaşdan yuxarı dövlət qulluqçularının payı 18,8 faizdir. Bu göstərici 25 yaşadək şəxslərin payından 6 dəfədən çox, 25-29 yaş qrupundan isə 62 faiz yüksəkdir. Bu isə o deməkdir ki, növbəti 5-10 ildə dövlət idarəçiliyində əhəmiyyətli sayda əməkdaşın təqaüdə çıxması gözlənilir. Onların yerini tutacaq yeni nəsil kadrların hazırlanması isə artıq bu gündən başlanmalıdır.
Normal yaş strukturunda aşağı yaş qrupları daha geniş, yuxarı yaş qrupları isə daha dar olur. Dövlət qulluğunda isə müəyyən mənada əks mənzərə müşahidə edilir. 25 yaşadək şəxslərin payı 3 faiz olduğu halda, 60-64 yaş qrupunun payı 9,2 faizdir. Hətta 65 yaşdan yuxarı şəxslərin payı da 2,1 faiz təşkil edir.
Dünyada dövlət idarəçiliyi sürətlə rəqəmsallaşır, süni intellekt və məlumat əsaslı qərarvermə sistemləri geniş tətbiq olunur. Bu şəraitdə yeni texnologiyalara uyğunlaşa bilən kadrların sayının artırılması vacib hesab edilir.
Yaşlı əməkdaşların təcrübəsi dövlət idarəçiliyi üçün böyük üstünlükdür. Lakin sistemdə gənc mütəxəssislərin kifayət qədər təmsil olunmaması innovativ yanaşmaların tətbiq tempinə təsir göstərə bilər.
Mövcud statistika göstərir ki, dövlət qulluğunda əsas məsələ yalnız yaşlı əməkdaşların çoxluğu deyil, gənc kadr axınının kifayət qədər olmamasıdır. Bu tendensiya davam edərsə, yaxın illərdə dövlət idarəçiliyində nəsil dəyişimi və kadr təminatı daha aktual məsələlərdən birinə çevrilə bilər.
MONETAR.AZ