Texnologiya nəhənglərinin süni intellekt (AI) modellərini işlətmək üçün apardıqları enerji axtarışı ənənəvi neft-qaz nəhənglərini yenidən ön plana çıxarır. ABŞ-ın enerji korporasiyası "Chevron", "Microsoft" şirkəti ilə Qərbi Texasda inşa ediləcək nəhəng məlumat emalı mərkəzinin (Data Center) enerji təminatı üçün 20 illik strateji müqavilə bağlayıb.
Məlumat mərkəzlərinin artan enerji tələbatını ödəmək üçün təbii qazın yenidən strateji resurs kimi populyarlaşdığını göstərən bu müqavilə çərçivəsində “Project Kilby” layihəsi icra olunacaq. Layihənin ümumi elektrik enerjisi tələbatı təxminən 2,7 giqavat (GW) təşkil edəcək ki, bu da təxminən 2 milyon ev təsərrüfatının istehlakına bərabərdir.
"Chevron New Energies" bölməsinin rəhbəri Ceff Qustavsonun (Jeff Gustavson) açıqlamasına görə, etibarlı və əlçatan enerji olmadan AI transformasiyası qeyri-mümkündür.
Maliyyə dəyəri rəsmi olaraq gizli saxlanılsa da, analitiklər bu müqaviləni milyardlarla dollar həcmində qiymətləndirirlər. Saziş iki mühüm trendi ortaya qoyur: Birincisi, Microsoft, Google və Amazon kimi Big Tech şirkətləri yaşıl enerji vədlərinə baxmayaraq, AI serverlərinin 24/7 kəsintisiz işləməsi üçün "baza yükü" (baseload) qismində təbii qaza möhtacdırlar. İkincisi, neft-qaz şirkətləri üçün süni intellekt dalğası karbohidrogen resurslarını birbaşa yerindəcə nağdlaşdırmaq (monetizasiya etmək) üçün tamamilə yeni və olduqca gəlirli bir bazar açır.
MONETAR.AZ