Son günlər bəzi supermarketlərdə açıq satışda olan yumurtaların 1 ədədinin 1-5 qəpik aralığında təklif edilməsi alıcıların diqqətini cəlb edib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda məhsulun keyfiyyəti ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, bazarda bu yumurtalara yüksək tələbat yarandığı müşahidə olunur.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə mütəmadi monitorinqlər həyata keçirilir və aparılan yoxlamalar zamanı hər hansı uyğunsuzluq aşkarlanmayıb.
AQTA-dan verilən məlumata görə, satışda olan yumurtalar müvafiq baytarlıq arayışları və ekspertiza aktları ilə təmin edilib. Bazar iştirakçılarının sözlərinə görə, ucuz qiymətə satışa çıxarılan yumurtalara ən çox maraq göstərənlər şirniyyat və çörək-bulka istehsalı ilə məşğul olan sexlər, həmçinin kiçik məhəllə mağazalarının sahibləridir. Paytaxtda fəaliyyət göstərən satıcılardan biri bildirib ki, məhsulun qiymətinin bazar səviyyəsindən aşağı olması alıcıları cəlb edir.
"Ən çox alanlar şirniyyat sexləridir. Onlar gündəlik istehsalda çoxlu yumurta istifadə etdikləri üçün ucuz məhsul tapanda böyük həcmdə alırlar. Kiçik mağaza sahibləri də maraq göstərirlər", - deyə satıcı Sevinc Rəhmanova qeyd edib. Bəzi satıcılar hesab edirlər ki, hazırkı ucuzlaşma uzunmüddətli olmayacaq və bazarda qiymətlər əvvəlki səviyyəyə qayıda bilər.
Marketlərdə ucuz yumurta satışı alıcıların da diqqətindən yayınmayıb. Bəzi vətəndaşlar qiymətin aşağı olmasını fürsət kimi dəyərləndirdiklərini deyirlər:"1-2 qəpiyə yumurta harada var ki? Mən də gördüm, bir neçə kletka - (qutu -red) aldım. Evdə istifadə edəcəyik. Qiymət belə olanda adam daha çox götürür."
Mütəxəssislər bildirilər ki, hər hansı məhsulun qiymətinin müvəqqəti enməsi onun keyfiyyətsiz olması anlamına gəlmir. İndiki qiymətlər topdan alıcılar üçün əlveri.li imkan yaradır. Təbii ki yumurtanın bundan sonra ucuzlaşmağına artıq yer də yoxdur.
MONETAR.AZ