Qlobal enerji tədarükünün ürəyi sayılan Fars körfəzində hərbi-siyasi böhranın fəsadları rəsmi rəqəmlərdə özünü göstərməyə başlayıb. Beynəlxalq "Joint Organisations Data Initiative" (JODI) təşkilatının hesabatına əsasən, Səudiyyə Ərəbistanının xam neft ixracı aprel ayında kəskin azalaraq qeydiyyatların aparıldığı 2002-ci ildən bəri ən aşağı səviyyəyə enib.
İran ətrafındakı regional münaqişənin logistik marşrutları iflic etməsi səbəbindən krallığın gündəlik neft ixracı cəmi bir ay ərzində 4,974 milyon bareldən 3,990 milyon barelə geriləyib. Bununla da krallığın ixrac göstəriciləri ardıcıl ikinci ay mənfi trend nümayiş etdirib.
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəyinə görə, regiondakı hərbi toqquşmalar Yaxın Şərqdə gündəlik 14 milyon bareldən çox neft hasilatının dünya bazarlarına sərbəst çıxışını əngəlləyib.
Səudiyyə Ərəbistanı kimi bir enerji nəhənginin ixracatında baş verən təxminən 1 milyon barellik günlük itki qlobal bazarlarda süni təklif qıtlığı (supply deficit) yaradır. ABŞ-İran danışıqlarından yaxın həftələrdə tam iqtisadi sülh qərarı çıxmazsa və Hörmüz boğazında naviqasiya təhlükəsizliyi bərpa olunmazsa, yay mövsümündə Brent markalı neftin qiymətində kəskin sıçrayışlar qaçılmaz olacaq. Bu isə qlobal inflyasiyanın yenidən alovlanması deməkdir.
MONETAR.AZ