Hörmüz böhranı səbəbindən OPEC ölkələrinin hasilatı azaldıb

Hörmüz böhranı səbəbindən

Hörmüz boğazında uzunmüddətli gərginlik və neft daşımalarında yaranan çətinliklər nəticəsində OPEC və OPEC+ ölkələrinin bir sıra aparıcı istehsalçılarında neft hasilatı əhəmiyyətli dərəcədə azalıb.

OPEC-in ikinci mənbələr əsasında hazırladığı məlumatlara görə, 2026-cı ilin mart–may ayları arasında təşkilata üzv və tərəfdaş ölkələrin xam neft istehsalında ciddi dəyişikliklər qeydə alınıb.

Məlumata əsasən, ən böyük azalma İran və Səudiyyə Ərəbistanında müşahidə olunub. Hər iki ölkədə gündəlik hasilat may ayında mart ayı ilə müqayisədə təxminən 700 min barel azalıb. Küveytdə isə hasilatın azalması gündəlik 587 min barel təşkil edib. Mütəxəssislər bunu ölkənin neft ixracı üçün Hörmüz boğazından yüksək dərəcədə asılı olması ilə əlaqələndirirlər.

Rusiya da hasilatını gündəlik 133 min barel azaldıb. İraqda azalma 198 min barel səviyyəsində qeydə alınıb. Bununla yanaşı, bəzi ölkələrdə artım müşahidə olunub. Belə ki, Birləşmiş Ərəb Əmirliklərində hasilat gündəlik 218 min barel, Qazaxıstanda 219 min barel, Nigeriyada isə 70 min barel artıb.

OPEC-in məlumatına görə, təşkilatın ümumi gündəlik neft hasilatı may ayında təxminən 19 milyon barel təşkil edib. Bununla belə, bəzi beynəlxalq hesablamalar faktiki istehsalın 16 milyon barelə yaxın olduğunu göstərir ki, bu da OPEC üçün son 25 ilin ən aşağı göstəricilərindən biri hesab olunur.

Qeyd edilir ki, ABŞ administrasiyası iyunun ortalarında Hörmüz boğazına tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırsa da, bölgədə təhlükəsizlik vəziyyəti hələ də qeyri-sabit olaraq qalır. İsrail və “Hizbullah” arasında yenidən toqquşmaların baş verməsi sülh danışıqlarının dayandırılmasına səbəb olub və strateji su yolunda gəmiçilik fəaliyyətinə mənfi təsir göstərib.

Neft tədarükündə yaranan problemlər fonunda bir sıra ölkələr, o cümlədən ABŞ, Yaponiya və Almaniya daxili bazarda qiymət artımının qarşısını almaq məqsədilə strateji neft ehtiyatlarından istifadə etməyə başlayıblar.

MONETAR.AZ