CV-niz mükəmməldir… Amma bu səhv hər şeyi alt-üst edir

CV-niz mükəmməldir…
28 İyul 2025 12:28

Arzuladığınız işə qəbul olunmaq üçün ilk şərtlərdən biri uğurlu müsahibə verməkdir. CV-nizin təcrübə və bacarıqlarla dolu olması əla başlanğıcdır, amma iş görüşməsi zamanı verdiyiniz ilk təəssürat və etdiyiniz kiçik səhvlər, bütün bu zəhməti heçə endirə bilər.

İnsan resursları üzrə mütəxəssis Florence D., illərlə apardığı müşahidələrə əsaslanaraq namizədlərin fərqinə varmadan etdiyi, lakin işə qəbul prosesində ciddi nəticələrə səbəb olan tipik səhvləri bölüşüb. Onun fikrincə, işə götürən şəxsin namizəd barədə ilk fikri hələ danışmağa başlamadan yaranır. Geyim tərziniz, istifadə etdiyiniz ətir və görüşməyə vaxtında gəlməyiniz bu ilk təəssüratın əsasını təşkil edir. Mütəxəssis qeyd edir ki, vəzifəyə uyğun geyim seçmək namizədin ciddiyyətini və vəzifəyə münasibətini göstərir. Məsələn, satış sahəsində çalışan birinin geyimi ilə proqramçı arasında fərq olmalıdır. Bu fərqi düzgün qiymətləndirmək, namizədin hazırlıqlı və situasiyaya uyğun davrandığını sübut edir.

Zahiri görünüş qədər incə detallar da önəmlidir. Bəzən çox güclü və ya səhv seçilmiş bir ətir qarşı tərəfdə narahatlıq yarada və diqqəti yayındıra bilər. Ətir istifadəsi zəruri olsa da, onun sadə və neytral seçilməsi daha təhlükəsizdir. Eyni zamanda, görüşməyə gecikmək də ciddi imic zərərinə səbəb ola bilər. Hər nə qədər səbəbiniz haqlı olsa da, əvvəlcədən xəbər vermək və üzr istəmək mütləqdir – bu, peşəkarlığın göstəricisidir.

İş görüşməsinin digər həssas nöqtəsi isə danışıq tərziniz və verdiyiniz cavablardır. Müsahibə zamanı özünüzü ifadə etməyiniz, fikirlərinizi necə paylaşdığınız qarşı tərəfin sizə münasibətində həlledici ola bilər. Mütəxəssis xüsusilə iki vacib məqama diqqət yetirir: keçmiş iş yeriniz və maaş məsələsi. Əvvəlki rəhbərlər və ya iş yerləri haqqında neqativ fikirlər söyləmək sizi etibarsız və konfliktli biri kimi göstərə bilər. Hətta əvvəlki işinizdən haqsızlıqla ayrılmış olsanız belə, bunu müsbət və neytral şəkildə ifadə etmək vacibdir. Maaşla bağlı danışığa isə tələsmək olmaz. İşə qəbul prosesi irəlilədikcə bu mövzu təbii şəkildə gündəmə gələcək. İlk görüşmədə bu haqda danışmaq, sizin üçün əsas motivasiyanın sadəcə maddiyyat olduğu təəssüratını yarada bilər.

Florence D.-nin uzun illər ərzində müşahidə etdiyi namizəd davranışları arasında ən diqqətçəkəni isə, onun “birbaşa ələnmə səbəbi” kimi vurğuladığı bir məqamdır: vəzifəyə uyğun olmayan geyim. Bu, bəzən namizədin əhəmiyyət vermədiyi sadə bir seçim kimi görünsə də, əslində peşəkarlığın və situasiyanı nə qədər ciddiyə aldığının göstəricisidir. Uyğunsuz geyim ilk təəssüratı korlayır və digər keyfiyyətlərin qiymətləndirilməsinə imkan belə verməyə bilər.

Ümumilikdə isə, uğurlu bir müsahibə yalnız bacarıqlarınıza deyil, eyni zamanda davranışlarınıza, danışığınızda ehtiyatlı olmağınıza və hazırlıqlı getməyinizə bağlıdır. Unutmayın: bəzən xırda bir səhv, böyük fürsətlərin qarşısını ala bilər. CV sizi masa arxasına gətirə bilər, amma orada qalmağınızı təmin edən davranışınızdır.

MONETAR.AZ


Oxşar xəbərlər