Məşhur aktyor 71 yaşında vəfat etdi

Azərbaycanda da çoxlarına kifayət qədər tanış olan "Halk Hoqan" təxəllüsünü götürən məşhur restlinq ustası, aktyor və musiqiçi Terri Cin Bollea 71 yaşında Floridada vəfat edib.
Parlaq və zəngin hadisələrlə dolu karyerasında o, rinqdə "wrestling" əfsanəsinə çevrilməklə yanaşı, bir çox filmlərdə də özünü aktyor kimi sınayıb.
O, rinqdə 1983- cu ildə debüt edib. Onun xalq içindən çıxan qəhrəman Amerikan vətənpərvər obrazı o qədər məşhurlaşdı ki, restlinq amerikalıların ən sevimli əyləncəsi halına gəldi. Lakin sonralar qalmaqallı rasist çıxışlar onun fəaliyyətinə kölgə saldı. Belə çətin vaxtlarda köməyə qaradərili aktyor və idmançı dostların etirafları gəldi. Misal olaraq "Chicago Bulls" komandasının qaradərili məşhur basketbolçusu Dennis Rodman: "Mən Halk Hoqan ilə 25 ildi tanışam. O heç də rasist deyil".
Keçən əsrin 90- ci illərində Hoqan kinolara çəkilməyə başladı. O, "Rokki-3", "Qremlinlər ", "Mister Dayə" kimi filmlərdə rol aldı.
Sonrakı həyatının ən səs-küylü hadisələrindən biri də 26 il birgə yaşadığı həyat yoldaşı Linda ilə ayrılması oldu. Yeni arvadı 34 yaşlı yoqa ustası Skay Deyli ilə toyunda isə onun artıq 69 yaşı vardı.
Və ən son parlaq hadisələrdən biri də onun Amerika prezidenti Donald Tramp üçün seçki qabağı kampaniya çərçivəsində gurultulu çıxışı oldu. Emosional nitqin sonunda tribunaların alqışları ilə pencəyini özünəməxsus şəkildə çıxardıb xüsusi futbolkani nümayiş etdirdi. Onun üstündə Trampin tanınmış şüarı vardı: " Make America great again".