Gedənlərin son dayanacağı: "Müşavirlik stansiyası"

Gedənlərin son dayanacağı:
24 İyul 2025 00:34

Son illər Azərbaycanda vəzifədən azad edilən bəzi yüksək və orta ranqlı məmurların bir müddət sonra müşavir vəzifəsinə təyin olunması tendensiyası müşahidə olunur. Bu praktika cəmiyyətin diqqətini çəkir və müxtəlif müzakirələrə səbəb olur. 

Müşavir adətən rəhbər şəxslərə məsləhət verən, qərarların hazırlanmasında iştirak edən, lakin birbaşa icra səlahiyyətinə malik olmayan şəxsdir. Bu vəzifə dövlət qurumlarında tez-tez istifadə olunmasa da, son illər qeyri-aktiv və ya passiv vəzifə kimi məmurlar üçün bir növ "rezerv" və ya "təqaüdə keçid" mərhələsi funksiyasını daşıdığına dair fikirlər səslənir.

Lakin burada əhəmiyyətli məqam ondan ibarətdir ki, əgər şəxs əvvəlki vəzifəsində nöqsanlara, ictimai narazılığa  görə azad edilibsə, onun sonradan müşavir kimi yenidən dövlət strukturunda fəaliyyət göstərməsi cəmiyyət tərəfindən sual altına alına bilər.

İctimaiyyət belə təyinatlara adətən tənqidi yanaşır. İnsanlar hesab edirlər ki, vəzifədə özünü doğrultmayan şəxsin yenidən dövlət qulluğuna qaytarılması ədalət prinsiplərinə ziddir. Bu, həm də dövlət xidmətində şəffaflıq və məsuliyyət prinsipinə zərbə vurur.

Bəzi hallarda müşavir vəzifəsi sadəcə, adə və maaşı olan, lakin real səlahiyyət və funksiyası olmayan formal vəzifə kimi təqdim olunur. Bu isə dövlət büdcəsinin qeyri-səmərəli istifadəsi barədə suallar doğurur.

Bu praktikanın arxasında bir neçə motiv dayanmış ola bilər:

Birincisi, uzun illər sistemə xidmət etmiş şəxslərin birdən-birə kənarlaşdırılmasının qarşısını almaq məqsədilə onları "təqaüdə qədər" formal bir vəzifədə saxlamaq seçimi istifadə olunur. Bu, həm həmin şəxsin təcrübəsindən faydalanmağı, həm də sistemdəki nizam-intizamın pozulmamasını təmin etməyə yönəlir.

Bəzi hallarda isə vəzifədən azad edilən şəxsin tamamilə narazı olmasının qarşısını almaq üçün onu müşavir kimi saxlayırlar. Beləliklə, həmin şəxs cəmiyyətdə və ya kollektivdə narazılıq yaratmadan sistemin içində qala bilir.

Bu yanaşma cəmiyyət qarşısında "təsirli tədbirlər" görmək görüntüsü yaratmağa xidmət edir, lakin əslində, həmin şəxslər sistemin daxilində qalmağa davam edirlər. Bu metod həm şəxsin təcrübəsindən faydalanmağa, həm də kənarlaşdırılmadan yaranan narazılıqların qarşısını almağa yönəlmiş bir yanaşma kimi qiymətləndirilə bilər.

Əgər dövlət idarəçiliyində şəffaflıq və ictimai etimadın gücləndirilməsi hədəfdirsə belə təyinatların səbəbləri və məqsədləri daha açıq şəkildə ictimaiyyətə izah edilməlidir. 

MONETAR.AZ


Oxşar xəbərlər