Bakıda tramvay xətti ilə birlikdə yeni magistral yol tikiləcək

Bakıda tramvay xətti ilə birlikdə yeni magistral

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhəri və ətraf qəsəbələrin nəqliyyat infrastrukturunu kökündən dəyişəcək irimiqyaslı layihəni elan edib. Paytaxtın şimal girişindəki gərginliyi azaltmaq məqsədilə Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yeni avtomobil yolunun tikintisi planlaşdırılır.

Mehdiabad, Binəqədi və ətraf ərazilərdə əhalinin sürətlə artması şəhər mərkəzinə doğru nəqliyyat axınını kritik səviyyəyə çatdırıb. Hazırda sürücülərin yalnız Binəqədi şosesi, Azadlıq prospekti və Bakı–Sumqayıt şosesindən asılı qalması pik saatlarda iflicedici tıxaclara yol açır. Yeni layihə məhz bu asılılığı aradan qaldırmaq üçün hazırlanır.

Yeni magistral arteriya Abşeron yarımadasının şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq rayonları ilə birbaşa birləşdirəcək. Mehdiabad və Binəqədi istiqamətindən başlayacaq yol Binəqədi şosesi ilə əlaqələndiriləcək. Magistral daha sonra Heydər Əliyev prospektinə birləşdiriləcək və perspektivdə 8 Noyabr prospektinə qədər uzadılacaq. Nəqliyyat axını fərqli xətlərə balanslı şəkildə bölünəcək. Bununla da, illərdir həllini tapmayan Binəqədi – "20 Yanvar" – Ziya Bünyadov prospekti üçbucağındakı tıxaclar minimuma enəcək.

Layihənin ən mühüm və tarixi yeniliyi yeni inşa ediləcək magistral yol boyunca müasir tramvay xəttinin salınmasıdır. Bu xətt sərnişinlərə ekoloji təmiz, təhlükəsiz və tıxaclardan tamamilə müstəqil ictimai nəqliyyat alternativi təqdim edəcək, şəxsi avtomobillərdən istifadə meylini azaldacaq.

Hazırda Azadlıq prospekti – Binəqədi şosesi ilə Novxanı istiqaməti arasında birbaşa və kəsintisiz yol əlaqəsi yoxdur. Sürücülər qəsəbədaxili, dar və çoxsaylı döngələri olan küçələrdən keçməyə məcburdurlar.

Yenidənqurma və tikinti işlərindən sonra:

  • İki böyük istiqamət arasında birbaşa və fasiləsiz çıxış təmin ediləcək;

  • Süni döngələr aradan qaldırılaraq marşrut xətləri maksimum dərəcədə qısalacaq;

  • Yolda keçən səyahət vaxtı kəskin şəkildə azalacaq və ərazinin logistik səmərəliliyi yüksələcək.

Layihənin həyata keçirilməsindən sonra:

  • Sumqayıt və Xırdalan istiqamətindən Nəriman Nərimanov metrostansiyası tərəfə gedən sərnişinlər "20 Yanvar" dairəsinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri vasitəsilə hərəkət edə biləcəklər;
  • Masazır istiqamətindən gələn nəqliyyat yeni Mehdiabad–Baksol–Ziya Bünyadov yolu ilə "20 Yanvar" qovşağına daxil olmadan Əhmədli və Hövsan istiqamətlərinə keçə biləcək;
  • Pirşağı, Fatmayı və Mehdiabad istiqamətlərindən şəhərin cənub hissəsinə gedən sürücülər Binəqədi şosesindən istifadə etmədən yeni magistral vasitəsilə hərəkət edəcəklər.

AYNA-nın qiymətləndirməsinə görə, bu layihə Bakının nəqliyyat sisteminin tək bir inteqrasiya olunmuş mexanizm kimi işləməsinə şərait yaradacaq və şəhərin şimal qapısındakı xroniki tıxac problemini böyük ölçüdə həll edəcək.