Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda Hörmüz boğazı üzərindən keçən gəmiçilik hərəkəti kəskin şəkildə azalıb və faktiki olaraq dayanma həddinə çatıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri İran limanlarına daxil olan və ya çıxan bütün dəniz nəqliyyatını bloklamaq qərarı verib. Qərar Şərqi Vaxtla bazar ertəsi saat 10:00-dan etibarən qüvvəyə minib. Bildirilir ki, bu məhdudiyyət boğazdan keçən digər ölkələrə məxsus gəmilərə şamil edilmir.
Qərar Amerika Birləşmiş Ştatları və İran arasında aparılan, lakin nəticəsiz qalan danışıqlardan sonra qəbul edilib. Vaşinqton İranın nüvə proqramı ilə bağlı təminat tələb edir, Tehran isə ABŞ-ı “maksimalizm” və “şərtləri dəyişdirməkdə” ittiham edir.
İran tərəfi ABŞ-ın qərarını “quldurluq” kimi qiymətləndirərək cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.
Son həftələrdə bölgədə gərginlik ardıcıl şəkildə artıb. Martın əvvəlindən etibarən gəmiçilik fəaliyyəti kəskin azalıb. Beynəlxalq məlumat platforması olan IMF PortWatch-ın göstəricilərinə görə, martın 1–8 aralığında boğazdan gündə orta hesabla cəmi 6 gəmi keçib. Müqayisə üçün, fevral ayında bu rəqəm təxminən 100 gəmi idi.
Hörmüz boğazı qlobal enerji ticarətində strateji əhəmiyyətə malikdir və dünya neft daşımalarının təxminən 25 faizi bu marşrutdan keçir. Beynəlxalq Enerji Agentliyi-nin məlumatına əsasən, 2025-ci ildə gündəlik təxminən 20 milyon barel neft və neft məhsulu bu boğazdan daşınıb.
Analitiklər bildirirlər ki, tranzit axınının dayanması qlobal neft bazarında qiymətlərin kəskin artmasına səbəb olub və vəziyyət uzanarsa, dünya iqtisadiyyatına ciddi təzyiq yarada bilər.
MONETAR.AZ