Səudiyyə Ərəbistanında neft hasilatı kəskin azalıb

Səudiyyə Ərəbistanında neft hasilatı

Dünya enerji bazarlarında geosiyasi gərginlik fonunda neft hasilatında ciddi azalmalar qeydə alınıb. Səudiyyə Ərəbistanı üzrə göstəricilər son illərin ən aşağı səviyyəsinə enib.

OPEC tərəfindən açıqlanan məlumatlara əsasən, ölkənin bazara neft tədarükü 2026-cı ilin mart ayında gündəlik 7 milyon 763 min barel təşkil edib. Bu, 2020-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir. Fevral ayında bu rəqəm 10 milyon 111 min barel idi.

Eyni zamanda, ümumi neft hasilatı da əhəmiyyətli dərəcədə azalaraq gündəlik 6 milyon 967 min barelə düşüb. Fevralda bu göstərici 10 milyon 882 min barel səviyyəsində idi.

Region üzrə digər ölkələrdə də oxşar azalmalar müşahidə olunub:

  • İraq: 4 milyon 140 min bareldən 1 milyon 906 min barelə
  • Küveyt: 2 milyon 580 min bareldən 1 milyon 200 min barelə
  • Birləşmiş Ərəb Əmirlikləri: 3 milyon 390 min bareldən 1 milyon 908 min barelə

Mütəxəssislər bu azalmaları əsasən Hörmüz boğazının altı həftə ərzində bağlı qalması ilə əlaqələndirirlər. Bu vəziyyət region ölkələrini hasilatı məhdudlaşdırmağa məcbur edib və qlobal təklifin azalmasına səbəb olub.

Gərginlik, həmçinin, Donald Tramp tərəfindən İran neft axınlarının bloklanması ilə bağlı səsləndirilən bəyanatlardan sonra daha da artıb. İran isə buna cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.

Bununla yanaşı, OPEC qlobal neftə tələbat üzrə ikinci rüb proqnozunu gündəlik 500 min barel azaldıb, lakin illik proqnozu dəyişməz saxlayıb. Təşkilata üzv ölkələrin növbəti hasilat planları mayın 3-də yenidən müzakirə olunacaq.

MONETAR.AZ