Paytaxtın bir sıra küçə və prospektlərində müvəqqəti tənzimləmələr olacaq

Paytaxtın bir sıra küçə və prospektlərində

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq ediləcək.

Məlumata görə, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq mayın 13-də saat 10:00-dan 14:00-dək davam edəcək.

Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti – Sabunçu körpüsünədək olan hissə, Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi və Lermontov küçəsini, həmçinin tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərə və digər yol hərəkəti iştirakçılarına səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bildirilib ki, H1 ekspress avtobus marşrutu fəaliyyətini normal rejimdə davam etdirəcək. Həmçinin fərdi nəqliyyat vasitələri və taksilər Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisinə alternativ yollar vasitəsilə sərbəst daxil olub çıxa biləcəklər.

Qeyd edilib ki, WUF13 öncəsi keçirilən nəqliyyat monitorinqləri son on ildə Azərbaycanda təşkil olunan bir sıra beynəlxalq tədbirlər zamanı da uğurla tətbiq olunub.

MONETAR.AZ