İtaliyanın şimalında nəqliyyat dünyasını heyrətə gətirən və dəmir yolu daşımalarının gələcəyini kökündən dəyişməyə namizəd olan RailEvo sisteminin sınaqlarına başlanılıb. Bu layihə nə tam bir qatar, nə də adi bir elektromobildir; o, mövcud rels infrastrukturundan istifadə edən, lakin fərdi sərnişin daşınmasına hədəflənən avtonom kapsullar sistemidir.
Trentoda prototipi nümayiş etdirilən bu "rels taksiləri" sərnişinləri qrafiklərə və yüzlərlə insanın toplandığı böyük qatar tərkiblərinə bağlı qalmaqdan azad edir. Cəmi 4-6 nəfərlik qruplar üçün nəzərdə tutulan bu kapsullar, relslər üzərində hərəkət edən fərdi nəqliyyat vasitəsi kimi istənilən vaxt sifariş edilə bilir.
Dəmir yollarının ən böyük texniki çətinliyi qatarların bir-birini eyni xətt üzərində ötə bilməməsi RailEvo-nun "şaquli keçid" texnologiyası ilə tarixə qovuşur. Mühəndislər elə bir sistem yaradıblar ki, bir kapsul digərinə yol vermək üçün xüsusi təkər konstruksiyası və əlavə yuxarı relslər vasitəsilə havaya, yəni əsas relsin üzərinə qalxır. Bu dahi həll yolu mürəkkəb ox sistemlərinə ehtiyac duymadan kapsulların fasiləsiz və dinamik şəkildə hərəkət etməsinə şərait yaradır. Beləliklə, dəmir yolu xətləri avtomobil magistrallarındakı kimi axıcı və çevik bir şəbəkəyə çevrilir.
Layihənin müəllifi Federico Bernabei dizayn zamanı aviasiya prinsiplərindən ilham alaraq kapsulun hava müqavimətini minimuma endirib. 1400 kiloqram çəkiyə malik olan bu futuristik modullar həm yüngül, həm də olduqca qənaətcildir. Maraqlıdır ki, sistemdə sənaye robotlarından tanınan Mecanum təkərləri istifadə olunub. Bu təkərlər kapsula yalnız irəli-geri deyil, həm də yana doğru hərəkət etmək imkanı verir ki, bu da manevr imkanlarını fantastik səviyyəyə qaldırır.
RailEvo-nun Avropa ölkələri üçün ən cəlbedici tərəfi yeni yolların tikilməsinə ehtiyac duymamasıdır. Sistem artıq mövcud olan, lakin qismən istifadə edilən köhnə dəmir yolu xətlərini canlandırmaq üçün nəzərdə tutulub. Hazırda Trento şəhərində davam edən sınaqlar uğurla başa çatarsa, 2030-cu ilə qədər İtaliyada ilk tam funksional "rels taksisi" xətti fəaliyyətə başlayacaq. Bu, həm ekoloji cəhətdən təmiz, həm də vaxta qənaət edən yeni bir şəhərlərarası nəqliyyat erasının başlanğıcı ola bilər.
MONETAR.AZ