“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ixracyönümlü aqrobiznes və aqropark modelinin inkişaf etdirilməsi aqrar sektorda əlavə dəyərin artırılması və ixrac potensialının genişləndirilməsi baxımından strateji istiqamət kimi müəyyən edilmişdir.
Dövlət Proqramında qeyd olunduğu kimi, kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə edilsə də, ixracın əsasən məhdud sayda bazarlarda cəmləşməsi bu sahədə diversifikasiya tədbirlərinin gücləndirilməsini zəruri edir. Eyni zamanda, yüksək əlavə dəyər yaradan məhsulların istehsalı və ixracı üzrə mövcud potensialdan tam istifadə olunmaması aqrar sektorun inkişaf imkanlarını məhdudlaşdıran əsas amillərdəndir.
Bununla yanaşı, aqroparkların müasir idarəetmə və istehsal modelləri əsasında inkişaf etdirilməsi, istixana və intensiv bağçılıq sahələrinin genişləndirilməsi, sertifikatlaşdırma və brendləşmə proseslərinin gücləndirilməsi yerli aqrar məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artıran əsas faktorlar kimi çıxış edir.
Dövlət Proqramına uyğun olaraq ixracyönümlü aqrobizneslər üçün ixracın təşviqi mexanizmlərinin yaradılması, istehsal və emal müəssisələrinin kommunal infrastruktura çıxış imkanlarının genişləndirilməsi, istixana və intensiv bağçılığın stimullaşdırılması, eləcə də sertifikatlaşdırma və brendləşmə proseslərinin dəstəklənməsi əsas tədbirlər kimi müəyyən edilmişdir. Bundan əlavə, aqroparkların yeni inkişaf modelinə keçidi və onların ixracyönümlü fəaliyyətinin gücləndirilməsi prioritet istiqamətlərdəndir.
Gözlənilən nəticələrə əsasən, qeyri-ənənəvi xarici bazarlara ixracın artırılması, istehsal və emal müəssisələrinin enerji və kommunal infrastruktur təminatının yaxşılaşdırılması, yeni istixana komplekslərinin yaradılması və mövcudlarının modernləşdirilməsi, intensiv bağ sahələrinin genişləndirilməsi və aqroparkların ixrac yönümlü fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.
Sahənin inkişafı ilə bağlı əsas risklərə xarici bazarlarda rəqabətin artması, beynəlxalq sertifikatlaşdırma tələbləri, logistika və infrastruktur məhdudiyyətləri, maliyyə resurslarına çıxışın çətinliyi və iqlim dəyişikliklərinin təsiri daxildir. Dövlət Proqramında bu risklərin azaldılması üçün dövlət dəstəyi və subsidiya mexanizmlərinin genişləndirilməsi, ixrac bazarlarının şaxələndirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi nəzərdə tutulmuşdur.
MONETAR.AZ