“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində balıqçılıq və akvakultura sektorunun inkişafı strateji istiqamətlərdən biri kimi müəyyən edilib. Proqramda əsas məqsəd balıq ehtiyatlarının qorunması, ekoloji tarazlığın saxlanılması və sahənin istehsal-ixrac potensialının artırılmasıdır.
Sənədə əsasən, balıqçılıq və akvakultura sektoru ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır və əhalinin keyfiyyətli zülal mənbələrinə çıxışını genişləndirir. Eyni zamanda bu sahə regionlarda məşğulluğun artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Bununla belə, mövcud mərhələdə balıq ehtiyatlarının qorunması, nəzarət sistemlərinin təkmilləşdirilməsi və normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması zəruri hesab olunur.
Dövlət Proqramında balıq ovunun dayanıqlı prinsiplər əsasında təşkili, rəqəmsal izləmə və monitorinq sistemlərinin tətbiqi, eləcə də balıqartırma fəaliyyətinin genişləndirilməsi xüsusi vurğulanır. Bu tədbirlərin nəticəsində su bioresurslarının bərpası və məhsuldarlığın artırılması hədəflənir.
Gözlənilən nəticələr sırasında normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, sanitariya və nəzarət sistemlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının qorunması və ekoloji balansın təmin edilməsi mühüm yer tutur. Bundan əlavə, balıqartırma təsərrüfatlarının inkişafı və akvakultura istehsalının artırılması da əsas prioritetlərdəndir.
Sənəddə risklər də qeyd olunub. Əsas risklərə qanunsuz balıq ovu, su hövzələrinin çirklənməsi, iqlim dəyişikliklərinin təsiri, xəstəliklərin yayılması və nəzarət mexanizmlərinin yetərsizliyi daxildir. Eyni zamanda, texnoloji imkanların məhdudluğu və ixtisaslı kadr çatışmazlığı da sektorun inkişafına təsir göstərə biləcək amillər kimi göstərilir. Bu risklərin azaldılması üçün rəqəmsal monitorinq sistemlərinin tətbiqi, elmi əsaslı idarəetmə, normativ bazanın təkmilləşdirilməsi və kadr hazırlığının gücləndirilməsi nəzərdə tutulur.
Proqramın növbəti mərhələsində balıqçılıq məhsulları üzrə istehsal və ixrac imkanlarının genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə inkişaf zonalarının yaradılması, damazlıq təsərrüfatların formalaşdırılması və akvakultura subyektlərinin istehsal gücünün artırılması planlaşdırılır.
Ümumilikdə, Dövlət Proqramı balıqçılıq və akvakultura sektorunu daha dayanıqlı, rəqabətqabiliyyətli və ixracyönümlü iqtisadi sahəyə çevirməyi hədəfləyir.
MONETAR.AZ