Azərbaycanın aqrar sektorunda yeni mərhələ gündəmdədir

Azərbaycanın aqrar sektorunda yeni mərhələ

Azərbaycanda yerli ərzaq məhsulları ilə özünütəminetmə və idxaldan asılılığın minimuma endirilməsi dövlətin ən strateji hədəflərindən birinə çevrilib. Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə elan olunan və 2026–2030-cu illəri əhabə edəcək yeni Dövlət Proqramı bu istiqamətdə fundamental kəmiyyət və keyfiyyət dəyişikliklərinə yol açacaq.

Ümumi büdcəsi 5 milyard manatdan çox olan bu proqramın maliyyə yükünün bölüşdürülməsi dövlət-özəl tərəfdaşlığının bariz nümunəsidir:

  • Dövlət vəsaiti: 2 milyard manat

  • Özəl sektorun investisiyası: 3 milyard manat

Həmin proqram çərçivəsində ölkənin aqrar sektorunda ciddi təkmilləşdirmə və islahat tələb edən əsas istiqamətlər, mövcud çağırışlar və hədəflər müəyyənləşdirilib.

Aqrar sektorun ən mürəkkəb və həssas istiqaməti taxılçılıqdır. Hazırda Azərbaycan daxili bazarda bu strateji məhsula olan tələbatını cəmi 55% səviyyəsində təmin edir. Qalan 45%-lik hissə isə birbaşa idxaldan (əsasən Rusiyadan) asılıdır. Əkin sahələrini ekstensiv yolla genişləndirmək yox, intensiv metodlar, müasir aqrotexniki qulluq və düzgün toxum seçimi ilə məhsuldarlığı kəskin artırmaq. Su qıtlığı şəraitində ənənəvi suvarma üsullarından tamamilə imtina edilərək müasir pivot (çiskinləmə) və damlama suvarma sistemlərinin qurulması.

Ölkədə balıq və balıq məhsulları üzrə özünütəminetmə səviyyəsi 81% təşkil etsə də, sahə uzun illər davam edən durğunluqdan yeni ayılır. Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanovun qeyd etdiyi kimi, sahənin inkişafı üçün iki fundamental problem həll olunmalıdır:

  • Xaricdən yem asılılığı: Hazırda balıq yetişdirilməsi üçün tələb olunan xüsusi yemlər tamamilə xaricdən alınır ki, bu da maya dəyərini artırır. Yeni proqramda yerli yem istehsalı zavodlarının qurulması mütləqdir.

  • Damazlıq işinin zəifliyi: Keyfiyyətli balıq kürüsü və korpələrinin daxildə yetişdirilməsi infrastrukturu gücləndirilməlidir.

  • Su idarəçiliyi: Su resurslarının məhdudluğunu nəzərə alaraq, suyun təkrar istifadəsini təmin edən qapalı dövriyyəli (RAS) texnologiyalara keçid sürətlənməlidir.

Hazırda ət məhsulları (mal, qoyun və quş əti) üzrə özünütəminetmə göstəricisi 80–94% arasında dəyişir. Dövlət başçısı bu göstəricinin qısa müddətdə 100%-ə çatdırılmasını tələb edir. Lakin quş əti və yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli istehsalçıların qarşılaşdığı ciddi maliyyə yüklərinə diqqət çəkir. Quşçuluq təsərrüfatlarında yem xərcləri ümumi maya dəyərinin 65–75%-ni təşkil edir. Qlobal bazarda qarğıdalı, soya və xüsusi yem əlavələrinin bahalaşması yerli istehsalçıları sıxışdırır.

Qiymət sabitliyini qorumaq üçün logistika, enerji və yem komponentlərinin xərcləri nəzarətdə saxlanılmalıdır. Növbəti mərhələdə isə kəmiyyət dalınca qaçmaq deyil, bazar balansını qoruyaraq rəqabətədavamlı "antibiotiksiz", "ekoloji təmiz" premium məhsulların istehsalına keçilməlidir. Planlaşdırılmamış sürətli böyümə bazarda dempinqə (qiymət çökməsinə) səbəb ola bilər.

Azərbaycanın ən böyük valyuta gətirən aqrar ixrac məhsulu istixana pomidorlarıdır. Lakin Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyevin sözlərinə görə, bu sahədə ciddi geosiyasi və iqtisadi risklər formalaşır. Azərbaycanın əsas ixrac coğrafiyası hələ də yalnız Rusiyadır. Rusiya bazarında eyni regiondan olan İran, Türkmənistan, Özbəkistan və Qazaxıstan kimi ölkələr fəallaşıb. Xüsusilə Türkmənistan ucuz enerji resursları hesabına pomidor ixracı həcmini sürətlə artıraraq Azərbaycanın liderlik mövqeyini təhdid edir.

 İstixana komplekslərində innovativ texnologiyaların tətbiqi ilə məhsulun maya dəyərini aşağı salmaq və mütləq şəkildə Avropa, Körfəz ölkələri kimi alternativ bazarlara çıxış (diversifikasiya) əldə etmək zəruriyəti ortaya çıxır.

MONETAR.AZ