Avropada təbii qaz qiymətləri son iki ilin ən böyük gündaxili enişini yaşayıb. ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə olunması xəbərləri fonunda investorlar kütləvi satışlara başlayıb, deyə Bloomberg bildirir.
Bugün səhər etalon qaz fyuçersləri bir anda 20% ucuzlaşıb. Bakı vaxtı ilə saat 10:41-ə olan məlumata görə, qiymətlər 17% azalaraq 44,13 avro/meqavat-saat səviyyəsində sabitləşib və 2 martdan bəri ən aşağı həddə enib. Analitiklər qeyd edir ki, bu kəskin eniş əsasən spekulyantların panik satışları ilə bağlıdır. Atəşkəs elanından əvvəl hedc fondlar rekord həcmdə uzun mövqelər toplamışdı və indi onları sürətlə bağlamağa məcbur qalırlar ki, bu da bazarda volatilliyi artırır.
Bununla belə, real fiziki bazarın iştirakçıları ehtiyatlı mövqe tutaraq razılaşmanın faktiki işləkliyini gözləməyi üstün tuturlar. Tom Marzec-Manser bildirir ki, fundamental baxımdan vəziyyət hələ ciddi dəyişməyib: qlobal bazar üçün əsas məsələ Fars körfəzində qalan LNG tankerlərinin azad olunması və Qətərdəki əsas istehsal mərkəzinin bərpasıdır.
Söhbət Ras Laffan Industrial City kompleksindən gedir. Dünyanın ən böyük LNG mərkəzi son həftələrdə raket zərbələri nəticəsində ciddi ziyan görüb. QatarEnergy tərəfindən mayın əvvəlində bərpa işlərinə başlanılsa belə, 12 işlək texnoloji xəttin tam güclə fəaliyyətə qayıtması avqustun sonuna qədər çəkə bilər. Dağıdılmış iki xəttin bərpası isə Qətərin öz açıqlamalarına görə, beş ilə qədər davam edə bilər.
Hazırda bazarın diqqəti yenidən Hörmüz boğazına yönəlib: treyderlər hansı gəmilərin ilk olaraq bu strateji marşrutdan keçməyə cəsarət edəcəyini və bu tranzitin nə dərəcədə uğurlu olacağını izləyirlər.