Azərbaycan qazının Serbiyaya Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə tədarükü üzrə müqavilənin müddəti 2026-cı ilin sonunadək uzadılıb. Bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, aprelin 8-də maliyyə naziri, Azərbaycan–Serbiya ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Sahil Babayev Bakıda səfərdə olan Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Đedović Handanović başda olmaqla nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq, xüsusilə enerji sahəsində mövcud vəziyyət və gələcək perspektivlər müzakirə olunub. Sahil Babayev qeyd edib ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və möhkəm hüquqi baza, eləcə də yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf edir.
Bildirilib ki, çoxsaylı sazişlər, hökumətlərarası komissiyanın fəaliyyəti və Strateji Tərəfdaşlıq Şurası əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.
Enerji sahəsində əsas istiqamətlərə toxunan nazir vurğulayıb ki, 2023-cü ildən başlayan Azərbaycan qazının Serbiyaya tədarükü tərəfdaşlığın mühüm nailiyyətlərindən biridir. Qeyd olunub ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonuna qədər uzadılıb və hazırda qaz təchizatı davam edir.
Öz növbəsində, Dubravka Đedović Handanović enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, 2026-cı ilin fevralında imzalanmış və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan saziş regionun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Görüş zamanı neft və neft məhsulları, elektrik enerjisi, eləcə də “yaşıl enerji” və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri üzrə də fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan və Serbiya yaxınlarda Niş şəhəri yaxınlığında gücü 350 MVt elektrik və 150 MVt istilik enerjisi olan qaz elektrik stansiyasının tikintisi barədə saziş imzalayıblar. Sənəd İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.
Qeyd edək ki, SOCAR və Srbijagas 15 noyabr 2023-cü ildə Azərbaycan qazının tədarükü barədə müqavilə bağlayıb. Sazişə əsasən, 2024–2026-cı illərdə illik 400 milyon kubmetrədək qaz tədarükü nəzərdə tutulur, 2027-ci ildən isə bu həcmin 1 milyard kubmetrədək artırılması mümkündür.