ABŞ neft qiyməti proqnozunu artırıb

ABŞ neft qiyməti

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında yaranmış problemlərin qlobal enerji təchizatına təsirini nəzərə alaraq neft qiymətləri üzrə proqnozunu artırıb.

Qurumun “2026-cı ilin aprel ayı üzrə qısamüddətli enerji icmalı”na əsasən, Brent markalı xam neftin orta illik qiymətinin 96 ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Bu göstərici əvvəlki hesabatda 78,84 dollar təşkil edirdi.

WTI markalı xam neft üzrə orta qiymətin isə 87,41 dollar olacağı proqnozlaşdırılır. Ötən ay bu rəqəm 73,61 dollar səviyyəsində qiymətləndirilmişdi.

EIA gələn il üçün “Brent” neftinin orta qiymətini 76,09 dollar, “WTI” üzrə isə 72,43 dollar səviyyəsində proqnozlaşdırır.

Hesabatda qeyd olunur ki, dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında yaranmış fasilələr səbəbindən bazarda yüksək dəyişkənlik və qeyri-müəyyənlik hökm sürür.

Məlumata görə, Brent neftinin spot qiyməti mart ayında orta hesabla 103 dollar təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 32 dollar çoxdur. Gündəlik qiymətlər isə aprelin 2-də təxminən 128 dollara qədər yüksəlib.

Əvvəlki proqnozlarda qlobal bazarda təklifin artması və ehtiyatların çoxalması səbəbindən qiymətlərə təzyiq gözlənilsə də, İranda baş verən hadisələr və hasilatın azalması qiymətlərin yuxarı istiqamətdə yenidən qiymətləndirilməsinə səbəb olub.

Hesabata əsasən, hasilatdakı məhdudiyyətlərin 2026-cı ilin sonunadək davam edəcəyi və bu müddətdə qiymətlər üzərində artım təzyiqinin qalacağı gözlənilir.

Bununla yanaşı, OPEC+ ölkələrinin istehsal siyasəti və qlobal tələbatdakı dəyişikliklər də bazar dinamikasına təsir edən əsas amillər kimi göstərilir.

EIA ABŞ-da da neft hasilatının azalacağını proqnozlaşdırır. Belə ki, bu il ölkədə gündəlik orta hasilatın 13 milyon 510 min barel olacağı gözlənilir.

Qlobal göstəricilərə görə isə 2026-cı ildə gündəlik neft təklifi 104 milyon 270 min barel, istehlak isə 104 milyon 560 min barel səviyyəsində proqnozlaşdırılır.

MONETAR.AZ