Prezident İlham Əliyev tərəfindən imzalanan fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnaməyə dəyişikliklər edilib.
Dəyişikliklərə görə, nazirlik tabeli və tabeli olmayan qurumlar vasitəsilə bir sıra məsələlər üzrə rəy verə biləcək. Bu səlahiyyətlərə kənd təsərrüfatına yararlı və ya yararsız torpaqların dəyişdirilməsinin məqsədəuyğunluğu ilə bağlı rəylərin verilməsi daxildir. Bu, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallara da şamil olunur.
Həmçinin, müdafiə və mühafizə təyinatlı obyektlərin tikintisi üçün meşə fondu torpaqlarında əlavə sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi və ya ərzaq təhlükəsizliyinin təmin olunması zərurəti yarandıqda nazirlik müvafiq rəy verə biləcək.
Nazirlik eyni zamanda faydalı qazıntıların hasilatı məqsədilə torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı, təsdiq olunmuş ehtiyatların və yataqların işlənmə yerlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq səlahiyyətinə malik olacaq. Bu, həmçinin ətraf mühitin mühafizəsi qanunvericiliyinə uyğunluğun qiymətləndirilməsini də əhatə edir.
Bundan əlavə, Dövlət Ekoloji Ekspertiza Agentliyi haqqında Əsasnaməyə də dəyişikliklər edilib. Agentlik də torpaq kateqoriyasının dəyişdirilməsi, faydalı qazıntı ehtiyatlarının işlənməsi və ətraf mühit qanunvericiliyinə uyğunluq məsələləri üzrə rəy verə biləcək.