Qlobal gəmiçilik sektoru ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasının şərtlərini diqqətlə araşdırır. Razılaşma Hörmüz boğazının müvəqqəti açılmasını və Fars körfəzində “tələyə düşmüş” 800-dən çox kommersiya gəmisinin açıq okeana çıxmasını nəzərdə tutur. Lakin bazar iştirakçıları hələ də tanker göndərməyə tələsmir, deyə Bloomberg yazır.
Razılaşmanın əsas detalları qeyri-müəyyən olaraq qalır və tərəflərin açıqlamaları bir-birinə ziddir. Tehran bildirir ki, gəmilərin təhlükəsiz keçidi üçün iki həftəlik razılıq əldə olunub və tanker keçidləri İran silahlı qüvvələri ilə koordinasiya əsasında, “texniki məhdudiyyətlər” nəzərə alınmaqla həyata keçiriləcək.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp boğazın “tam, dərhal və təhlükəsiz açılacağını” bəyan edib. O həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərin yığılmasını azaltmağa kömək edəcəyini və fasiləsiz nəqliyyatı təmin etmək üçün bölgədə qalacağını qeyd edib.
Əsas suallar isə açıq qalır: tərəflər İranın tətbiq etdiyi tranzit rüsumlarının ləğvi barədə razılığa gəlibmi və atəşkəsin dəqiq nə vaxt qüvvəyə minəcəyi bəllidirmi?
İlk xəbərlər gəmi sahibləri arasında ehtiyatlı nikbinlik yaratsa da, Japan Shipowners' Association razılaşmanın detallarını diqqətlə öyrənmədən tövsiyə verməyəcəyini bildirib.
Ekspertlər xəbərdarlıq edir ki, gəmiçilik fəaliyyətinin bərpası üçün tam aydınlıq lazımdır və hətta ən yaxşı ssenaridə belə, normal trafikə qayıdış xeyli vaxt aparacaq. Jennifer Parker qeyd edir ki, tanker sahibləri, sığortaçılar və ekipajlar riskin həqiqətən azaldığına inanmalıdır.
Kpler-in məlumatına görə, blokadada qalan donanmanın böyük hissəsi enerji daşıyıcıları ilə bağlı gəmilərdən ibarətdir: 426 xam neft və neft məhsulları tankeri, 34 mayeləşdirilmiş neft qazı (LPG) daşıyan gəmi və 19 LNG tankeri. Qalanları isə quru yüklər və konteynerlər daşıyır.
Ümumilikdə blokadada olan tankerlərdə təxminən 20 min dənizçi var. Treyderlər və gəmi sahibləri indi ilk olaraq hansı gəmilərin risk edib boğazdan keçəcəyini və bu səfərlərin necə nəticələnəcəyini diqqətlə izləyir.
MONETAR.AZ