Çin hökuməti ölkənin ən iri dövlət neft emalı zavodlarına (NEZ) kommersiya neft ehtiyatlarından istifadə etməyə icazə verib. Bloomberg yazır ki, Yaxın Şərqdə altı həftədir davam edən müharibə qlobal enerji böhranını dərinləşdirib və dünyanın ən böyük enerji idxalçısı daxili bazarı sabitləşdirmək üçün ehtiyatlarını işə salmağa məcbur olub.
Kommersiya ehtiyatlarına çıxış əsas dövlət nəhəngləri olan China Petrochemical Corp. və China National Petroleum Corp. üçün açılıb. Bu ehtiyatlar birbaşa emal müəssisələrində və xüsusi rezervuar parklarında saxlanılır.
Konsaltinq şirkəti Energy Aspects-in analitiklərinə görə, Çin aprel–iyun ayları ərzində gündəlik təxminən 1 milyon barel nefti ehtiyatlardan istifadə etməyə icazə verə bilər. FGE NexantECA ekspertləri də bildirirlər ki, kommersiya və əməliyyat ehtiyatlarının azalması artıq bu ay gündəlik 1 milyon barelə çata bilər.
Normal şəraitdə Çin gündəlik təxminən 11 milyon barel xam neft idxal edir. Hazırda istifadə olunan həcmlər isə Pekinin yaratdığı çoxsəviyyəli ehtiyat sisteminin yalnız bir hissəsidir. Qeyd olunur ki, ölkənin strateji neft ehtiyatları hələlik toxunulmaz qalır.
Çin uzun illərdir idxaldan asılılığı əsas geosiyasi zəiflik hesab edir. Buna görə də qlobal bazarlarda aqressiv alışlar hesabına təxminən 1,4 milyard barel həcmində böyük “təhlükəsizlik yastığı” formalaşdırıb.
Bu rekord ehtiyatlar, xüsusilə Fars körfəzində logistik problemlərin dərinləşməsi halında, Pekin üçün mühüm üstünlük sayılır. Mövcud böhran fonunda Çin hakimiyyəti daha sərt siyasət yürüdür: neft məhsullarının ixracı məhdudlaşdırılıb və NEZ-lərə daxili tələbatı ödəmək üçün maksimal istehsal tapşırılıb.