Qazaxıstan parlamentinin Senatı cümə axşamı keçirilən plenar iclasda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası ilə bağlı qanunu təsdiqləyib.
Sazişə əsasən, Azərbaycan, Qazaxıstan və Özbəkistan təmiz hidrogenin istehsalı və ticarəti üzrə birgə layihələr həyata keçirə biləcək, həmçinin “yaşıl enerji”nin Avropa və digər regionlara ixracı üçün infrastrukturun inkişafını təmin edəcəklər.
Sənəd imzalanmaq üçün Qazaxıstan prezidentinə təqdim olunub.
Senatın sədri Maulen Aşimbayev müzakirələr zamanı bildirib ki, əməkdaşlığın effektivliyini artırmaq məqsədilə xüsusi Rəhbər Komitə və işçi qrupunun yaradılması nəzərdə tutulur.
Onun sözlərinə görə, bu sənəd Qazaxıstanda bərpa olunan enerji sahəsinin inkişafına və regionda əməkdaşlığın güclənməsinə töhfə verəcək. Tərəflər məlumat mübadiləsini mütəmadi həyata keçirməyi və texniki nasazlıqlar barədə bir-birini məlumatlandırmağı öhdələrinə götürürlər. Saziş nüvə enerjisindən istifadə obyektlərinin monitorinqini əhatə etmir.