ABŞ-dan neft ixracı qlobal böhran fonunda rekord həddə çatır

ABŞ-dan neft ixracı qlobal böhran fonunda

ABŞ-ın Meksika körfəzi sahillərindən xam neft ixracının may ayında gündəlik 5 milyon barelə çatacağı gözlənilir. Bloomberg yazır ki, Asiya ölkələri Yaxın Şərqdən tədarüklərin azalmasını kompensasiya etmək üçün Amerika neftini aktiv şəkildə alırlar.

Analitik şirkət Kpler-in hesablamalarına görə, aprel ayında ixrac artıq gündəlik 4,9 milyon barelə yaxınlaşıb (martda bu göstərici 3,97 milyon barel idi). May ayında isə əvvəlki rekord olan 4,5 milyon barelin üstələnəcəyi proqnozlaşdırılır, çünki Asiyadan tələbat yüksək olaraq qalır.

ABŞ ixracı, tarixdə ən ciddi fasilələrlə üzləşən qlobal enerji bazarında yaranan kəsirin doldurulmasında mühüm rol oynayır. May ayı üçün artıq təxminən 28 supertanker sifariş edilib, halbuki adətən bu dövrdə onların sayı 5-dən çox olmur.

Lakin ixracın bu qədər sürətlə artması ABŞ üçün müəyyən risklər də yaradır. Yerli neft emalı zavodları xammalı ölkə daxilində saxlamaq üçün daha yüksək qiymət ödəməli olur. Artıq benzinin qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə — bir gallon üçün 4 dollardan yuxarı qalxıb və bu artımın davam etməsi daxili siyasi riskləri də artırır.

Buna baxmayaraq, ABŞ-ın ixrac infrastrukturu tədricən logistik məhdudiyyətlərlə üzləşir. Tankerlərin çatışmazlığı, dərin limanlara çatdırılma üçün kiçik gəmilərin azlığı və fraxt qiymətlərinin artması səbəbindən, infrastruktur genişləndirilmədən ixracın gündəlik 5,5 milyon bareli keçməsi çətin görünür.

MONETAR.AZ