Çinin mayeləşdirilmiş təbii qaz (LNG) tələbinin güclü şəkildə bərpa olunacağı ilə bağlı gözləntilər sürətlə azalır. Yaxın Şərqdə elan edilən atəşkəs və Hörmüz boğazının müvəqqəti açılması fonunda belə, analitiklər bildirirlər ki, təchizat riskləri və yüksək qiymətlər Pekini enerji strategiyasını dəyişməyə məcbur edir. Bu barədə Bloomberg yazır.
2025-ci il LNG bazarı üçün çətin il olub: Çin tərəfindən LNG idxalı 11% azalaraq 68,4 milyon tona düşüb. Bu, ölkənin təxminən 20 il ərzində fasiləsiz artım göstərən idxal tarixində nadir geriləmələrdən biridir.
Bloomberg-in proqnozuna görə, bu il də azalma davam edəcək və idxalın daha 9% azalaraq 62,3 milyon tona enəcəyi gözlənilir. “Rystad Energy” isə daha optimist, lakin yenə də zəif artım ssenarisi təqdim edərək göstəricinin 70 milyon tona yaxınlaşacağını proqnozlaşdırır.
Çinin qaza marağının azalması ABŞ–İsrail zərbələrindən əvvəl də müşahidə olunurdu. İqtisadi artımın zəifləməsi nəticəsində enerji istehlakı da azalıb: rəsmi məlumatlara görə, ilin ilk iki ayında ölkədə “görünən” qaz istehlakı 0,9% azalıb.
Dünyanın ən böyük qaz idxalçılarından biri olan Çin ənənəvi olaraq LNG-nin təxminən dörddə birini Qətərdən alırdı. Lakin indi Qətər böyük istehsal güclərinin bərpası üçün uzunmüddətli təmir prosesləri ilə üz-üzədir. BNEF-in qiymətləndirməsinə görə, ən böyük LNG ixrac zavodunda iki texnoloji xəttin zədələnməsi yaxın 3–5 il ərzində illik 12,5 milyon ton istehsal itkisinə səbəb olacaq.
Belə şəraitdə Pekinin Fars körfəzinə asılılığı azaltması demək olar ki, qaçılmaz görünür. Bu isə ümumilikdə LNG idxalının azalması deməkdir. Çin alternativ enerji mənbələrinə yönəlir: ucuz kömürdən istifadənin artırılması, bərpa olunan enerji mənbələrinin sürətlə inkişafı, daxili qaz hasilatının genişləndirilməsi və Rusiya və Mərkəzi Asiya ölkələrindən boru kəmərləri vasitəsilə qaz tədarükü.
Mart ayında Asiyada LNG spot qiymətləri demək olar ki, iki dəfə artıb. Eyni dövrdə Çinin daxili qaz bazarı (idxal LNG-nin Rusiya boru qazı və yerli hasilatla rəqabət apardığı bazar) cəmi 44% artım göstərib.
MONETAR.AZ