Rusiya qlobal təbii qaz təchizatındakı çatışmazlıqdan istifadə edərək enerji qıtlığı yaşayan Cənubi Asiya ölkələrini ABŞ sanksiyaları altında olan müəssisələrindən qaz partiyaları almağa cəlb etməyə çalışır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ötən həftə qaz yükləri Çin və Rusiyada yerləşən az tanınmış vasitəçi şirkətlər vasitəsilə spot qiymətlərə nisbətən 40% endirimlə təklif olunub. Satıcılar həmçinin bildiriblər ki, tədarüklərin guya Oman və ya Nigeriya kimi qeyri-Rusiya mənbələrindən həyata keçirildiyini göstərən sənədlər təqdim edə bilərlər.
Bloomberg bu partiyalardan hər hansı birinin alınıb-alınmadığını təsdiqləyə bilməyib.
Hörmüz boğazının faktiki bağlanması və Qatardakı dünyanın ən böyük LNG ixrac zavoduna edilən hücumlar qlobal qaz təchizatının təxminən beşdə birini dayandıraraq bazarı dəyişib və qiymətləri artırıb. Qatardan göndərişlərin dayanması Banqladeş və Hindistan kimi ölkələri daha bahalı alternativlər axtarmağa məcbur edib.
Rusiya ABŞ sanksiyaları altında olan “Arktik LNG-2” və “Portovaya” kimi zavodlardan ixracı artırmağa davam etsə də, bir çox alıcılar Vaşinqtonun mümkün cavab tədbirlərindən ehtiyat edərək bu yükləri qəbul etməkdən çəkinirlər. Hazırda yalnız Çin “kölgə donanma” vasitəsilə sanksiyalı Rusiya LNG-ni idxal edən yeganə ölkə olaraq qalır.
Digər ölkələrə tədarükün genişləndirilməsi Rusiyaya müştəri bazasını şaxələndirməyə və qara siyahıya düşmüş müəssisələrindən ixracı artırmağa imkan verə bilər. Ən böyük Rusiya LNG zavodu kimi planlaşdırılan “Arktik LNG-2” layihəsi 2024-cü ildə ixraca başlasa da, onun tam gücü ilə işləməsi nəqliyyat imkanlarının və alıcıların çatışmazlığı səbəbindən məhdud qalır.
MONETAR.AZ