Səudiyyə Ərəbistanında enerji obyektlərinə edilən son hücumlar nəticəsində bəzi əməliyyatların qismən dayandırıldığı və gündəlik təxminən 700 min barrel neft axınının itirildiyi bildirilir.
Ölkənin Energetika Nazirliyinin nümayəndəsi hücumlar nəticəsində bir sıra enerji infrastrukturunda zərərin yarandığını açıqlayıb.
Qeyd olunur ki, hücumlar Riyad, Şərq bölgəsi və Yənbu sənaye zonasında yerləşən obyektləri əhatə edib. Hadisələr nəticəsində enerji sektorunda çalışan bir nəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb.
Məlumata görə, hücumlar enerji sisteminə bağlı əsas obyektlərdə bəzi əməliyyat proseslərinin dayanmasına səbəb olub. Xüsusilə, Şərq-Qərb neft kəməri üzərində yerləşən nasos stansiyasına zərbə endirilməsi nəticəsində bu xətt üzrə gündəlik təxminən 700 min barrel neft nəqli dayandırılıb.
Bununla yanaşı, Münifə və Hurays yataqlarında baş verən hücumlar səbəbindən gündəlik ümumilikdə 600 min barrel həcmində hasilat azalması qeydə alınıb.
Hücumların həmçinin Cubeyldəki SATORP, Ras Tanura, Yənbu şəhərindəki SAMREF və Riyad rafineriyalarını da əhatə etdiyi, bunun isə neft məhsullarının qlobal bazarlara ixracına birbaşa təsir göstərdiyi vurğulanır.
Eyni zamanda, Cuayma bölgəsindəki emal müəssisələrində baş verən yanğınlar mayeləşdirilmiş qaz və digər qaz məhsullarının ixracına mənfi təsir göstərib.
Mütəxəssislər bildirirlər ki, hücumların davam edəcəyi təqdirdə qlobal enerji bazarında tədarük çatışmazlığı arta və bərpa prosesi daha da uzana bilər.
MONETAR.AZ